“Türkiyə rəhbərliyində təmsil olunan siyasətçilər kifayət qədər praqmatik insanlardır, onlar Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nə olduğunu bilirlər. KTMT niyə münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə etsə, bizim müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin RBC telekanalına müsahibəsində deyib.
“Nikol Paşinyan bu faciənin günahkarıdır. Fikrimcə, kiçik ərazidə Türkiyə ilə Rusiyanı toqquşdurmaq cəhdi var. Paşinyanın komandası qərbyönümlüdür və müəyyən sifarişi yerinə yetirir”, - səfir vurğulayıb.
P.Bülbüloğlu bildirib ki, Azərbaycan hökumətinin Dağlıq Qarabağda yaşayan sıravi erməniləri, yəni mülki şəxsləri oradan qovmaq niyyəti yoxdur: “Hamımızın birgə yaşaması üçün azərbaycanlıları ora qaytarmaq məqsədi var”.
Səfirin sözlərinə görə, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çəkilməsi, sərhədlərin açılması, ticarətin bərpasıdır, daha sonra isə Dağlıq Qarabağın statusunun müzakirəsi mümkün ola bilər.
“Təlimlərdə iştirak edən F-16-lar artıq gediblər, bizdə heç bir muzdlu silahlı da yoxdur. Suriyadan gələn yaraqlılar da mövcud deyil, əgər olsaydı onları həmən görmək mümkün olardı”, - səfir əlavə edib. Azadpress.az
コメント