Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın rəhbəri, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı “Təzadlar”a açıqlama verib. Akademik budəfəki açıqlamasında da kimlərisə hədələyib, onları hansısa əməlləri ilə bağlı təhdid edib.
Musavat.com xəbər verir ki, AMEA rəhbəri aşağıdakıları bildirib:
“Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.
Mehdiyev yenə də bildirib ki, o, heç zaman siyasi mövqeyindən çəkinməyib: “Mən həmişə bütün fəaliyyətimdə dövlətimə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmışam, bunu əməli fəaliyyətim bir daha təsdiqləyir. Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla, sübut etsinlər… Kimliyindən asılı olmayaraq maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm”. Azadpress.az
Comments