Terrorçuların Qarabağa yolunu kəsməyin tək yolu: hərbi zərbələr.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin ata evi Livan ermənisinə verilib; Azərbaycan ərazilərinə “erməni köçü”nü təşkil edən Ermənistan hakimiyyəti yenə də “sülh yolu ilə həll” və “yalnız qarşılıqlı güzəştlər”dən danışmağa başladı
Ermənistan Livan ermənilərinin işğal altındakı Qarabağ ərazilərinə köçürülməsini reklam etməklə ciddi yanlışlıqlara yol verdiyini, deyəsən, anlamaqdadır. Hər halda, son günlər bununla bağlı rəsmi xəbərlərin nisbətən arxa plana keçirilməsi belə ehtimalı söyləməyə əsas yaradır.
Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrinin Suriya və Livan ermənilərinin Qarabağa köçürülməsinin beynəlxalq qanunlara zidd olduğu, müharibə cinayətinə yol verildiyi barədə kəskin mövqelərinə dünyanın aparıcı təsisatlarından hələlik hər hansı bir reaksiya gəlməsə də, işğalçı ölkənin davranışlarına kiminsə bəraət qazandırması mümkünsüzdür. Nikol Paşinyan hökuməti erməni diasporunun dəstəyini qazanmaq və hakimiyyətinin ömrünü uzatmaqdan ötrü Beyrut partlayışında zərərçəkən ermənilərə dəstək vermək qərarı versə də, koronavirus və iqtisadi problemlərin əlində əsir vəziyyətində qalan Ermənistanın bu məsələdə ciddi imkanlara malik olmadığı bəllidir. Artıq heç kəs şübhə etmir ki, mülki əhali adı ilə Qarabağa köçürülənlər muzdlu döyüşçülər və terrorçu qruplaşmaların üzvləridir. Artıq Türkiyə mətbuatı da Azərbaycanın işğal olunmuş ərazilərinə PKK-çıların köçürüldüyünü yazıb. Çox güman ki, səs-küyə səbəb olan bu köçürülmənin davamı sakit şəkildə həyata keçiriləcək. Çünki məsələ artıq Ankara və Bakı tərəfindən ciddi şəkildə təqib olunmaqdadır və hər an antiterror əməliyyatlarına start verilə bilər. Azadpress.az
Comments