"Sizin qatil Hacı Məmmədovla heç bir fərqiniz yoxdur". Musavat.com bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə jurnalist Sevinc Osmanqızının replikasına münasibət bildirərkən deyib.
Xalq artisti nə vaxtsa Hacı Məmmədovla münasibəti olması iddialarını yalan və böhtan adlandırıb:
"Sən demə, bu qadın da (Sevinc Osmanqızını nəzərdə tutur) ən adi, sıradan bir dedi-qoduçu imiş. Əgər nə vaxtsa mənim Hacı Məmmədovla tanışlığım, münasibətim olubsa, Allah mənə lənət eləsin! Sizin kimi bəsit metodlara əl atan şər böhtançılara da Allah lənət eləsin!"
Brilliant Dadaşova jurnalisti tərbiyəsiz və əxlaqsız adlandırıb: "Paylaşdığınız statusunuz sizin nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu".
Daha sonra xalq artisti qeyd edib: "Hacı Məmmədov öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib, fiziki cəhətdən yox edirmiş. Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr yetirməklə qətlə yetirirsiz. Bu prizmadan baxdıqda sizin qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur".
Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova ötən gün sosial şəbəkədə jurnalist Sevinc Osmanqızını ermənilərin Azərbaycan səfirliklərinə və həmyerlilərimizə hücumlarının günahını azərbaycanlılarda görməsini sərt şəkildə tənqid etmişdi. Sevinc Osmanqızı isə Xalq artistinin "onun başını qoparıb, ətini didərdim" fikrinə "Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" replikası ilə cavab verib.
Qeyd edək ki, illər öncə mətbuatda sabiq MTN rəhbəri Hacı Məmmədovla adı hallanan sənətçilərdən biri də Xalq artisti Brilliant Dadaşova olub.
Comentarios