top of page

Antiböhran idarəetmə sistemi dayanıqlı və davamlı inkişafı şərtləndirən əsas amillərdən biridir



Mustafayev Mürsəl Eldar oğlu 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hal-hazırda ADİU) “İnformatika və İdarəetmə” fakultəsinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə ali təhsil almışdır. İstehsal, ticarət, xidmət sahələrində fəaliyyət göstərən özəl sektorda risklərin tədqiqatı üzrə menecer və daxili audit vəzifəsində işləmişdir. İqtisadiyyatın aktual məsələlərinə aid elmi və qəzet məqalələri çap olunmuşdur. Elektron kütləvi informasiya vasitələrində Azərbaycanda qeyri-neft sektorunun inkişaf yolları, dünya bazarında neftin qiymətinin proqnozlaşdırılması, Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin inkişaf perspektivləri, dünyanın güc mərkəzləri, Avropadakı böhranın yaranma səbəbləri və həlli yolları, ərəb baharının yaranma səbəbləri və s. mövzularda çıxışları var.

Mütəxəssislər dünayda yeni və uzunmüddətli iqtisadi böhran təhlükəsi barədə danışırlar. Ekspertlər bu prosesə təkan verən müxtəlif səbəblər göstərirlər. Təhlillər göstərir ki, müasir mərhələdə böhrana səbəb ola biləcək iqtisadi, maliyyə və siyasi amillər mövcuddur. İqlim dəyişikliyinin belə iqtisadi böhran yarada biləcəyi haqqında proqnozlar verilir. Bunların fonunda qlobal iqtisadi böhran ehtimalı və onun mümkün antiböhran idarəetmə sisteminin tətbiqi haqqında

Antiböhran və risklərin idarə olunması üzrə ekspert Mürsəl Eldaroğlu ilə söhbətləşdik.


Mürsəl müəllim,iqtisadiyyatın hansı sahəsində islahatların aparılması daha vacibdir?

İdarəetmənin statik deyil, dinamik xüsusiyyətə malik olması islahatların ardıcıl olaraq həyata keçirilməsini şərtləndirən əsas amillərdən biridir. İqtisadiyyatın hansı sahəsində islahatların daha çox aparılmasını müəyyənləşdirmək üçün, iqtisadiyyatın sahələr üzrə əhəmiyyətini təşnifləşdirmək zəruridir. Ümumilikdə götürdükdə, iqtisadiyyatın sahələrinin vacibliyini də təbiətin ünsürlərinin vaciblik statusuna müvafiq olaraq təsnifləşdirmək mümkündür. Bildiyimiz kimi hava, torpaq, su, od təbiətin ünsürləridir. Havanı istehsal sahəsi ilə, torpağı kənd təsərrüfatı sahəsi ilə, suyu ticarət sahəsi ilə, odu isə xidmət sahəsi ilə müqayisəli şəkildə səciyyələndirərək vacibliyini müəyyən etmək mümkündür. Yəni, insanın varlığı və inkişafı üçün təbiətin ünsürləri nə qədər vacibdirsə, iqtisadiyyatın varlığı və inkişafı üçün də istehsalın, kənd təsərrüfatının, ticarətin, xidmət sahələrinin daima inkişafı o qədər zəruridir. Lakin xüsusi çəki baxımdan istehsal sahəsində aparılan islahatların üstünlük təşkil etməsi iqtisadiyyatın dinamik inkişafını şərtləndirən əsas amillərdən biridir.


İslahatların səmərəliliyinin təmin olunması üçün nə etmək lazımdır?

Bir faktı da xüsusilə qeyd etmək istəyirəm ki, islahatların həyata keçirilməsinin və nəticəsinin uğurlu olmasının əsas hərəkətverici qüvvəsi əhalidir. Ona görə də islahatların zəruriliyinin və gözlənilən nəticələrinin idarəetmənin sosial psixioloji metodundan istifadə edərək əhali arasında təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Həmçinin, həyata keçirilən islahatların səmərəliliyinin təmin edilməsi üçün sağlam biznes mühitinin formalaşdırılması olduqca mühüm əhəmiyyətə malikdir. Sağlam biznes mühitinin formalaşdırılması üçün isə xüsusilə sağlam investisiya mühitinin olması zəruridir. Sağlam investisiya mühitinin təmin olunmasını şərtləndirilən əsas amillərdən biri kimi dayanıqlığın və şəffavlığın mövcud olmasını qeyd etmək mümkündür.


Dayanıqlığı və şəffavlığı necə təmin etmək olar?

Dayanıqlığın və şəffavlığın təmin olunması üçün antiböhran idarəetmə sisteminin tətbiqi, bütün risklərin, xüsusilə də maliyyə və korrupsiya risklərinin idarə olunması olduqca zəruridir.


Antiböhran idarəetmə sisteminin tətbiqində əsas məqsəd nədir?

Antiböhran idarəetmə sisteminin tətbiqində əsas məqsəd müəssisənin istəlinən böhranın mənfi təsirindən qorumaq və yaxud böhranın mənfi təsirini minumuma endirməkdir. İstənilən müəssisədə böhranın yaranma səbəblərinin 2/3 hissəsi daxli amillərlə, 1/3 hissəsi isə xarici amillərlə bağlıdır. Daxili amillərlə əlaqədar böhranın yaranma səbəbləri kimi dayanıqlığın, şəffavlığın olmaması, fiziki və düşüncə cəhətdən sağlam olan peşəkar mütəxəssislərin kifayət qədər olmaması, maliyyə cəhətdən imkanların məhdudluğu, texniki-təşkilati səviyyənin müasir tələblərə cavab verməməsi, risklərin düzgün idarə olunmaması və yaxud idarəetmə qərarlarına inteqrasiya olunmaması və sairəni, xarici amillər kimi isə beynəlxalq səviyyədə maliyyə böhranları, bazar qiymətləri, siyasi, hərbi, ekoloji, tektonik, pandemiya və sairə ilə əlaqədar bağlı olan halları göstərmək mümkündür. Daxili amillərin yaranmaması və yaxud aradan qaldırılması, tektonik amillər istisna olmaqla xarici amillərin təsirini azaltmaq məqsədilə tədbirlərin həyata keçirilməsi hesabına böhranın müəssisəyə təsirini minumuma endirmək mümkündür. Ümumilikdə götürdükdə, antiböhran idarəetmə sisteminin tətbiqi iqtisadiyyatın dayanıqlı və davamlı inkişafını şərtləndirən əsas amillərdən biridir.


Risklərin idarə olunmsı haqqında çox eşidirik. Risklər elmi termin kimi nə vaxtdan istifadə olunur?

Risk termini ilk dəfə 1921-ci ildə ABŞ tədqiqatçısı Frenk Nayt tərəfindən “Risk, qeyri-müəyyənlik və gəlirlər” tədqiqat əsərində iqtisadi kateqoriya olaraq elmi ədəbiyyata gətirilmişdir. Dünyanın ümumi daxili məhsulunda Amerika Birləşmiş Ştatlarının ümumi daxili məhsulunun xüsusi çəkisinin 20 %-dən yuxarı olmasının əsas səbəblərindən biri də risklərin idarə olunması sisteminin daha mükəmməl olmasıdır.

Qeyri-müəyyənliyi necə idarə etmək olar?

Onu qeyd etmək istəyirəm ki, qeyri-müəyyənliklə yanaşı ziddiyyətlilik və alternativlik də riskin xarakterik xüsusiyyətləridir. Buna baxmayaraq riskin səviyyəsinin müəyyən edilməsi, həmçinin risklərin idarə edilməsi mərhələlərinə müvafiq olaraq tədbirlərin icra olunması və strategiyanın müəyyən edilə bilinməsi mümkünlüyü risk menecmentin əsasını təşkil edir. Əgər hansı bir hadisənin baş verməsinin ehtimal qiymət çəkisi 0,8 və yaxud ehtimal qiymət çəkisinin faizlə ifadəsi 80 %-dən yuxarıdırsa, o halda artıq risk problemə çevrilir. Risklərin idarə edilməsi mərhələlərinə müvafiq olaraq tədbirlərin və strategiyanın düzgün müəyyən olunaraq həyata keçirilməsi problemsiz idarə etmənin təmin olunması prosesində mühüm əhəmiyyətə malikdir. Bir faktı da xüsusilə qeyd etmək istəyirəm ki, risklərin idarə olunması zamanı SWOT təhlillərin həyata keçirilməməsi, hədəflərin SMART kriteriyalarına əsaslanaraq müəyyən edilməməsi, performans menecmentin tətbiq edilməməsi və sairə amillər risklərin idarə olunmasının səmərəliyini azaldır. Risklərin idarə olunması zamanı bu amillərin nəzərə alınması olduqca zəruridir.


Risklərin idarə olunması sisteminə dövlət sektorunda, yoxsa özəl sektorda daha çox ehtiyac var?

İstər dövlət sektorunda, istərsədə özəl sektorda risklərin idarə olunması sisteminin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə qeyd etsək Azərbaycanda risklərin idarə olunması sisteminin tənzimlənməsi üçün müvafiq dövlət qurumunun yaradılması, xarici ölkələrdə mövcud olan risk menecment sistemlərini nəzərə alaraq milli risk menecment sisteminin, süni intelektin tətbiqi ilə risklərin idarə olunması sahəsində xüsusi proqramın yaradılması cəmiyyətin bütün sahələrində qarşıya qoyulmuş məqsədə çatmaqda əminliyin təmin olunması baxımdan mühüm əhəmiyyətə malik ola bilər.

Son dövrlər dünyada alternativ enerjiyə keçidin sürətlənməsi müşahidə olunur. Səbəbi nədir?

Energetika sahəsi üzrə mütəxəssislərin qiymətləndirmələrinə görə 2021-ci ildə dünya üzrə elektrik enerjisi istehsalında xüsusi çəki baxımdan daş kömürlə işləyən istilik elektrik stansiyalarının payı 32%, qazla işləyən istilik elektrik stansiyalarının payı isə 27 % olub. Bu fakt hal-hazırda dünyada atmosferə atılan zəhərli maddələrin mövcudluğu nəticəsində ekologiyaya və insan sağlamlağına mənfi təsiri ilə səciyyələnir. Həmçinin, qlobal istiləşməyə, iqlim dəyişikliyinə zəmin yaradır. Qlobal istiləşmə, iqlim dəyişikliyi isə bəşəriyyət üçün çox ciddi təhlükə mənbəyi olaraq bir çox sahələrdə böhran yarada bilər. Bir faktı da xüsusilə qeyd etmək olar ki, qlobal istiləşmə, iqlim dəyişikliyi dünyada buzlaqların əriməsinə şərait yaradır, bu da gələcəkdə mənşəyi məlum olmayan COVİD-19- dan da daha dəhşətli virusların yayılmasına səbəb ola bilər. 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən İqlim Dəyişməsi Konfransında 190 ölkə və təşkilat daş kömürdən istifadədən imtina barədə qərar qəbul edib. Sənayesi inkişaf edən ölkələr 2030-cu, kasıb dövlətlər isə 2040-cı ildən kömürdən imtina edəcəklərinə razılıq veriblər. Beynəlxalq statistik hesablamalara görə 2030-cu ilədək dünyada mövcud olan kömür ehtiyyatlarının 25 %-nin, neft ehtiyyatlarının 85 %-nin, təbii qaz ehtiyyatlarının 65 %-nin tükənəcəyi ehtimal olunur. Daş kömür, neft, qaz ehtiyyatlarının tükənən olması və atmosferə atılan zəhərli maddələrin mövcudluğunun ekologiyaya və insan sağlamlağına mənfi təsiri ilə səciyyələnməsi alternativ enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalına keçid prosesinin sürətlənməsi zərurətini şərtləndirir. Alternativ enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsalına keçid prosesi həm də ekoloji layihələrin həyata keçirilməsini təmin edir.


Azərbaycanda alternativ enerjiyə keçid prosesini necə qiymətləndirirsiz?

İlk öncə onu qeyd etmək istəyirəm ki, karbohidrogen ehtiyyatları ilə yanaşı dünyada mövcud olan alternativ enerji mənbələrinin əksəriyyətini kainatın ulu memarı Allah Azərbaycana bəxş etmişdir. İstəlinən sahənin inkişafı üçün mühüm şərtlərdən biri də hüquqi bazanın yaradılmasıdır. 2000-ci illərin əvvəllərindən etibarən ölkəmizdə alternativ enerji mənbələri ilə ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə bu sahənin tarixi inkişafının hüquqi bazasının əsası qoyuldu. Bu sahənin inkişaf etdirilməsi istiqamətində, xüsusilə son dövrlər həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan dünyanın bəzi dövlətləri ilə müqayisədə müəyyən göstəricilərə görə lider ölkə hesab olunur. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanı gələcəkdə Azərbaycanda alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalının inkişaf göstəricilərinə görə dünyanın əksər dövlətləri ilə rəqabət qabiliyyətliyinin təmin edilməsi baxımdan olduqca mühüm əhəmiyyətə malikdir. Əmək fəaliyyəti daima yaratmaq və inkişaf etdirmək prinsipinə əsaslanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalında həyata keçirilmiş və gələcəkdə həyata keçiriləcək islahatlar nəticəsində Azərbaycan həm özünün, həm də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təminatçısı olacaqdır.

Azadpress.az

E.Cəfərov





コメント


bottom of page