top of page

Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar



Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.

Dəyirmi masanın təşkilatçıları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasıdır (ESCAP).

Onlar Orta Dəhlizdə, eləcə də qlobal miqyaslı digər dəhlizlərdə dayanıqlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı müzakirə aparacaqlar.

Orta Dəhliz Çini Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələri ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur.

Azərbaycan Orta Dəhlizin dayanıqlılığının artırılması üçün ətraf mühitə mənfi təsirin azaldılmasına yönəlmiş tədbirlər həyata keçirir.

Ekoloji təmiz nəqliyyat vasitələrindən və yanacaqdan istifadə, dayanıqlı nəqliyyat infrastrukturunun yaradılması, rəqəmsal həllərin tətbiqi bu tədbirlər arasında xüsusi yer tutur.

Hazırda Rəqəmsal Nəqliyyat-Logistika İnformasiya Sisteminin yaradılması istiqamətində işlər görülür. Bu platforma malların mənşə nöqtəsindən təyinat məntəqəsinə qədər sənədləşmə işləri və əməliyyatları əhatə edəcək.

Rəqəmsal nəqliyyat-logistika platforması proseslərin rəvan və sürətli gedişini, harmonizasiya sayəsində təkrarçılıq və izafi bürokratiyanın aradan qaldırılmasını təmin edəcək. Terminal, liman və sərhəd-keçid məntəqələrində nəqliyyat növbələrini əhəmiyyətli dərəcədə azaldacaq.

Vahid elektron tranzit sənədi sayəsində sənəd tərtibatı və kağız israfının qarşısı alınacaq, nəqliyyat operatorlarının fəaliyyətinin sinxronlaşdırılması yolu ilə resursların məqsədyönlü istifadəsinə nail olunacaq.

Nazirlərin dəyirmi masası iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.


Commentaires


bottom of page