Xarici İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Azadpress.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Şahin İsgəndərov XİN-in İşlər İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Ş.İsgəndərov Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.
1999-2005-ci illərdə Təhsil Nazirliyində mühasib, aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyinin aparatında təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini, 2013-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb.
2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2018-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub. 2013-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.
Comments