top of page

Bəraət alan vətəndaşa 3000 manat təzminat ödəniləcək


Toya gedə bilməyən müğənni nazirliyi məhkəməyə verdi.


Barəsində cinayət işi açılan, sonradan isə bəraət alan müğənni məhkəməyə üz tutub. Toylara gedə bilmədiyi üçün qazancını itirən müğənni həm də mənəvi təzminat tələb edir.

Musavat.com xəbər verir ki, Ağdam rayon sakini, 55 yaşlı Firdovsi Mahmudov 2017-ci ilin yanvarında həmkəndlisi Teyyub Nəcəfova xəsarət yetirməkdə ittiham edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb. 3 uşaq atası olan Firdovsi Mahmudov barəsində hökm çıxarılıb. O, həbs edilməyib, barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Ağdam Rayon Məhkəməsi Firdovsi Mahmudov barəsində aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla, 6 ay islah işləri cəzası kəsib.

Amma F.Mahmudov bu cəza ilə razılaşmayıb və günahsız olduğunu bildirib. Bundan sonra Mahmudov apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mahmudovun şikayətini rədd edib və hökmü qüvvədə saxlayıb.

Mahmudov Ali Məhkəməyə də müraciət edib. Bu dəfə məhkəmə onun şikayətini təmin edib. Ali Məhkəmə qərarı ləğv edib və işi yenidən araşdırmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb.

Gəncə Apellyasiya Məhkəməsi bu dəfə isə Firdovsi Mahmudovun xeyrinə qərar verib və onun barəsində bəraət hökmü çıxarıb. Bu qərardan da prokurorluq narazı qalıb və Ali Məhkəməyə protest verib. Ancaq Ali Məhkəmə 2019-cu ildə bəraət hökmünü qüvvədə saxlayıb.

Mahmudovun məhkəmə çəkişmələri bununla da bitməyib. Bundan sonra Mahmduov öz haqqını tələb etməyə başlayıb.

Firdovsi Mahmudov hüquq mühafizə orqanlarının və məhkəmələrin əsassız qərarlarına görə həm özünün, həm də yaxınlarının əzab-əziyyət çəkdiyini, iki il ərzində keçirdiyi əsəb və sarsıntıdan iflic olduğunu, bədəninin bir tərəfinin işləmədiyini, həyat yoldaşının da başqa ağır xəstəliyə tutulduğunu əsas gətirərərk məhkəməyə müraciət edib.

Narazı Mahmudov cinayət təqibinə məruz qalmamışdan öncə toylarda müğənnilik etməklə ailəsini dolandırırdığını, VÖEN-lə də qazancından vergi ödədiyini bildirib.

“Müğənni kimi el şənliklərində çıxış edirdim. Barəmdə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçildi. Rayon ərazisini tərk edə bilmədim və qazncdan məhrum oldum” - deyə Mahmduov şikayətində bildirib.

F.Mahmudov kompensasiya tələbi ilə məhkəməyə üz tutub və Maliyyə Nazirliyindən 31 min manat tələb edib. Həmin məbləğin 20 min manatının mənəvi zərər, 6 min manatını itirdiyi qazanc, 5 min manatını isə özünün və həyat yoldaşının sağlamlığının bərpasına çəkdikləri xərc kimi göstərib.

Ağdam Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib. Mənəvi ziyana görə Maliyyə Nazirliyinin F.Mahmudova 6 min manat kompensasiya ödəməsi haqda qərar çıxarılıb. Amma Maliyyə Nazirliyi bu qərara etiraz edib və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi kompensasiyanın məbləğini 3 min manata ebdirib. Azadpress.az


コメント


bottom of page