top of page

Azərbaycan Putinin NATO-suna getməlidirmi?




Bu günlərdə Zəngəzur bölgəsində - Azərbaycan- Ermənistan sərhədində ciddi proseslər baş verir. Ancaq cəmiyyətimizdə bununla bağlı təfsilatlı məlumatlar yoxdur, hamı intizardadır. Erməni mənbələri də təbii ki, baş verənlərlə bağlı məlumatları öz maraqlarına uyğun şəkildə tirajlayırlar. Prosesin məxfiliyi müxtəlif ehtimallara yol açır. Bütün bunlarla bağlı, eyni zamanda bölgə ilə əlaqədar digər məsələlərlə əlaqədar sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibə etdik.

- Tofiq bəy, Zəngəzur bölgəsində baş verənlərlə bağlı diplomatik qaynaqlardan əldə etdiyiniz məlumatlar və şəxsi müşahidələriniz nədən ibarətdir?

- Məndə xüsusi bir məlumat yoxdur. Amma istisna etmirəm ki, ən azı bir problematik mövzu var: Başkəndlə işğal altında qalmış kəndlərin - Qazağın 7 kəndi və Kərki - məsələsinin həlli. Hansı üslub götürüləcək, bəlkə dəyişmə yolu ilə həll olunacaq, demək çətindir. Bəlkə seçkilər ərəfəsində istəmirlər ki, məlumat sızsın. Bu məsələlərdən seçkiqabağı proseslərdə istifadə oluna bilər. Amma ümumi belə bir təəssürat yaranır ki, proses gedir və sona çatdırılacaq, buna heç kəsin şübhəsi yoxdur. Digər çox vacib məsələ kommunikasiyaların bərpası və dəhliz məsələsidir. Hesab edirəm ki, bu mövzunun müzakirəsində gərginlik azalıb. Deyəsən, hansısa sxem üzərində razılıq mövcuddur. Amma yenə deyirəm, bunlar hamısı Ermənistanda baş verən seçkilərlə bağlıdır. Ola bilər bəzi məsələlər bu və ya digər şəkildə öz həllini tapsın. İstisna etmirəm ki, Azərbaycan da indi bu məsələlərin tam şəkildə öz həllini tapmasında maraqlı deyil. Çünki indiki mərhələdə heç Ermənistanda hakimiyyət də mövcud deyil, vəzifəsini icra edən bir şəxs var. Bu baxımdan təbii ki, biz istəyərdik sənədə qüvvədə olan məsul şəxs imza atsın.

- Amma bir xatırlatmaya da zərurət var: 2018-ci ilin payızında, növbədənkənar seçkilər ərəfəsində olan Nikol Paşinyan Azərbaycan lideri ilə ayaqüstü söhbətlərdə atəşkəsin qorunub-saxlanması barədə anlaşma əldə etmişdi, sonra bunu sevincək etiraf edirdi. Ancaq seçkiləri keçirəndən, kreslosunda möhkəmlənəndən sonra şəxsən təxribatlara əl atdı, hətta Şuşada yallı getdi. Bir müddət öncə Prezident də bildirdi ki, Paşinyan vədinə xilaf çıxıb. Bu dəfə də o, seçkilərdə mövqeyini möhkəmləndirəndən sonra revanşist qüvvələrlə qol-boyun ola bilərmi?

- Bəli, o zaman Düşənbədə “lift razılaşması”nın olduğunu deyirdilər. Ancaq artıq təcrübə var ki, belə hərəkətlərlə bir şey qazanmaq mümkün deyil, daha çox uduzmaq olar. 2018-ci ili götürsək, onun nəticəsi ortadadır. Yaxşı ki, siz bu mövzunu xatırlatdınız, bəli, belə bir şey var idi. Amma qüvvələrin balansı onu göstərir ki, buna aid hansısa manevrlər mümkün deyil. Ələlxüsus ona görə ki, Rusiya da açıq şəkildə təzyiq edir və deyir ki, bu razılaşmalar tam şəkildə həyata keçirilməlidir. Yəni ortada Putinin bir vasitəçi kimi imici də dayanır, bunu da yaddan çıxartmayaq. Rusiya bu və ya digər şəkildə manevrlər etmək iqtidarındadır. Siyasi imic də vacibdir. Putinin imicinə məxsus olan bir məsələ də bundan ibarətdir: söz verdinsə, yerinə yetirməlisən. Xatırlayırsınızsa, Türkiyə rəhbərliyinə aid belə bir fikir söyləmişdi ki, Ərdoğan bir siyasəti kimi öz sözünün sahibi olduğuna görə mən ona hörmət edirəm. Bunu yada salaraq bilməliyik ki, Ermənistan verdiyi sözdən qaça bilməz. Üstəlik, Azərbaycanın iradəsi o səviyyədədir ki, biz də geri çəkilən deyilik. Cənab Prezident də öz sözlərinə hörmətlə yanaşır və həmişə bəyan edir ki, bizim sözümüz bəlkə elə imzaladığımız sənədlə eyni səviyyədədir. Yenə də deyirəm, əsas məsələ seçkilər mövzusudur.

- Necə hesab edirsiniz, üçüncü sənədin - bunu şərti olaraq böyük sülh sazişi də adlandırmaq olar - imzalanması gözlənilirmi?

- Baxaq, görək. Bəzi məsələlərlə bağlı şübhələr var. Məsələn, təzminat məsələsi... İkincisi, orada delimitasiya və demarkasiya prosesi uzun müddət tələb edir. Sərhədin tanınması bir siyasi bəyanat olacaq. Amma onun konkret geniş xətti təbii ki, hələ müzakirə olunacaq.

- Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaqlarmı?

- Ərazi bütövlüyünün tanınması faktını istisna etmirəm, bu, baş verə bilər. Amma bu çərçivədə dəhlizlər məsələsi nə şəkildə həllini tapacaq, bir məsələ də budur...

- Yeri gəlmişkən, belə bir iddia var ki, Azərbaycan Qaragöl istiqamətindən də Naxçıvana dəhliz açmaq niyyətindədir. Bu, real görünürmü?

- Coğrafi baxımdan demək çətindir. Çünki oralar yüksəklikdir. Mən o landşaftı o qədər yaxşı bilmirəm. Amma oradan tarixi yol da keçməyib. Bu baxımdam münasib yol deyil. Hər halda, “Amerika açmaq” lazım deyil. Köhnə yol, dəmir yolu var. Sovetlər vaxtı texniki baxımdan ən mürəkkəb yollardan biri sayılırdı Zəngəzur yolu. İndi onun bərpası ucuz başa gələ bilər. Çünki orada vaxtilə tikilmiş tunellər var.

- Rusiya bu dəfə də Nikol Paşinyana “yaşıl işıq” yandıracaqmı? Hər halda, rusiyalı milyarder Ara Abramyanın durub İrəvana gəlməsi və seçki prosesinə qatılmaq niyyətini ortaya qoyması adi məsələ deyil... Kreml Abramyana “stavka” edə bilərmi?

“Ermənilər sərhəddə boş yerə səs-küy qaldırmaqla tərəfdaş ölkələri sınaqdan keçirirlər”

- Ara Abramyanın imici normal deyil. Çünki onun danışıq tərzi gülməli vəziyyətlərə səbəb olur, ermənilər də bunu yaxşı bilirlər. Bəziləri deyirlər ki, erməni dilində də eyni vəziyyətdir. Amma rus dilində onun nitqini kimsə eşitsə, görər ki, həmişə gülməli şəkildə alınır. Hesab edirəm ki, Abramyan əsas fiqur deyil. Bəlkə də seçkilərdə Jirinovski şəklində bir siyasətçinin iştirakına bənzəyəcək. İnanmıram ki, ona kimsə ciddi şəkildə “stavka” edəcək.

- Yəni Paşinyanın hakimiyyətdə qalacağını güman edirsiniz, eləmi?

- Əsas məntiqi götürsək, Putin onun marağındadır ki, vaxtilə qol çəkilən sazişi tam şəkildə həyata keçirmək üçün Paşinyan lazımdır. Bu, Putinin imici ilə bağlı olan bir faktordur. Paşinyan da artıq bu vəzifəni həyata keçirmək bacarığını göstərib. Ona görə də hesab edirəm ki, Rusiyanın Paşinyanı əvəzləməsində elə bir məntiq yoxdur.

- Elə isə Paşinyan revanşistlərin təpkilərinə rəğmən Türkiyə və Azərbaycanla bağlı güzəştlərə hazırdırmı?

- Biz onlara revanşist deyirik. Ancaq indi çıxışlara baxsaq, görərik ki, onların revanşist arqumentləri, ümumiyyətlə, qalmayıb və heç kəs müharibədən danışmır. Guya qatı müxalifət olan Köçəryan da “val”ı dəyişib. Bu baxımdan Ermənistandakı revanşistlərin də “fıs”ı yatıb.

- Bəs onun Putinlə dostluğu bir işə yarayacaqmı?

- Vaxtilə o, dostluq məsələsindən süni şəkildə istifadə edib. Yadınıza gəlirsə, Sərkisyanın vaxtında da onların arasında münasibət gərginləşmişdi. Bir dəfə Kreml tərəfindən şərh verildi ki, bəs dostluq söhbətini gərək tərəflərdən hər ikisi qəbul etsin. Yəni boş-boş danışma, bezdirmisən bu söhbətlərlə! Dostluq məsələsi, Putinin Köçəryan ailəsi ilə görüşməsi o vaxt üçün siyasi gediş idi. Bunun əsasında daha çox siyasi maraqlar var idi, nəinki real dostluq münasibətləri.

- Yəni Köçəryanı yenidən hakimiyyətdə təsəvvür etmirsiniz, eləmi?

- Mən ümumiyyətlə, hesab etmirəm ki, indiki mərhələdə Ermənistan Qarabağ klanının nümayəndəsini qəbul edəcək.

Prezidentin Köçəryan və Sərkisyana sərt xəbərdarlığı da olmuşdu. Məntiqlə, Qarabağ klanının hakimiyyətə qayıdışı Azərbaycanla Ermənistan arasında sülhə kömək edə bilməz...

Bu, bir. İkincisi, artıq Ermənistan cəmiyyətində ciddi proseslər gedir. Qarabağlılar və ermənistanlılar arasında münasibət kəskin şəkildə pisləşir. İndiki mərhələdə Qarabağı təmsil edən şəxsin Ermənistanda hakimiyyətə gəlməsi çox çətindir. İstər-istəməz itkilər və sair Qarabağ mövzusu ilə bağlıdır. O itkilərin yarası hələ sağalmayıb. Bu baxımdan ermənistanlılarda Qarabağ ermənilərinə qarşı nifrət dərəcəsi çox yüksəkdir.

- Tofiq bəy, belə bir ərəfədə İranın narahatlığı diqqət çəkir. İran generalları İrəvana gəldi, kömək təklif etdilər, ondan əvvəl İran parlamentinin komitə sədri Ermənistanın ərazi bütövlüyünün Tehran üçün qırmızı xətt olduğunu bildirdi. Bunlardan sonra İran XİN başçısı regiona səfərə başladı. İran nə istəyir, niyə narahatdır?

- Mən hesab edirəm ki, bəzi məlumatların mənbəyinə diqqət etmək lazımdır. Ermənilər çox maraqlıdırlar ki, Gürcüstan və İrana aid yeni problemlər yaratsınlar. Bəli, hansısa siqnallar mövcuddur. Amma gəlin onları şişirtməyək, təmkinli yanaşaq. Bizim xeyrimizə olan bəyanatlar da mövcuddur. Digər tərəfdən, İranın bu məsələdə fəallaşması və bəlkə də ermənipərəst görsənməsi onunla bağlıdır ki, İran Zəngəzur dəhlizinin açılmasında ən maraqlı olan tərəflərdən biridir. Həm Rusiya, həm İranın məqsədi Şimal-Cənub Dəhlizinin açılmasıdır. Bu baxımdan Fars körfəzinə birbaşa dəmir yolunun çıxışı Rusiya və İran üçün xüsusi əhəmiyyət kəsb edir, bunu yaddan çıxartmayaq. İkincisi, İran yaxşı başa düşür ki, artıq Ermənistan siyasətində əsas trend qərbyönümlü siyasətdir. Bu baxımdan Ermənistanın dəhlizə qarşı kritik mövqeyi bəlkə də Qərbin təsiri nəticəsində formalaşıb. İran bunu yaxşı başa düşür və öz tərəfindən bu səfər çərçivəsində 3+3 platformasını daha yüksək səviyyədə sınaqdan keçirmək istəyir. Bir neçə ay bundan qabaq İran XİN başçısı regiona səfər edib. Hesab edirəm ki, regionda baş verən geopolitik vəziyyətdən kənarında qalmamaq üçün İran daha fəal siyasət sərgiləyir. Mən İranın fəallaşmasını bununla əlaqələndirirəm. Yoxsa ermənilərin dəstəklənməsi kimi qəbul etmirəm. Sadəcə olaraq, bəzi məqamlarda Türkiyəyə, bizə, Qərbə qarşı ermənilər alət kimi istifadə olunurlar. Amma doğrusu, onlar arasında uzunmüddətli müttəfiqlik ehtimallarına inanmıram.

- Yenidən mayın 12-dən etibarən sərhəddə yaşanan gərginliyə qayıtmaq istərdim. Ortada xəritələr var və hər iki tərəfin rəsmiləri, mütəxəssisləri sərhəd xəttini sakitcə müəyyənləşdirə bilər. Sizcə, Ermənistan niyə Qaragöllə bağlı hay-küyə başlayıb, növbəti dəfə KTMT-ni proseslərə qoşmaq üçünmü?

- Ermənistanın sərhəddəki təxribatı iki məqsəd güdür: boş yerə səs-küy qaldırmaqla onlar tərəfdaş ölkələri sanki sınaqdan keçirirlər. Yəni Rusiya təhlükəsizlik təminatı verərmi, yoxsa yox? Dostluq bəyanatlarını sınaqdan keçirmək istəyirlər ki, real bir kömək olacaq, ya yox? Bu, Qərbin dostluq bəyanatlarının da sınaqdan keçirilməsidir. İkinci məqsəd ondan ibarətdir ki, artıq Ermənistan bir dövlət kimi proseslərdən uzaqlaşıb. Yəni Azərbaycan Prezidenti bəyan edib ki, münaqişə yoxdur, münaqişə olmadığı üçün vasitəçilik də yoxdur. İndi istəyirlər bir münaqişə zonası yaratsınlar, harada ki, Ermənistanın yeri var. Belə bir bəyanatlar səslənir ki, kimsə vasitəçi olmalıdır. Bəlkə proseslər ona gətirib çıxaracaq ki, vasitəçilərin sayı da çoxalacaq. Minsk Qrupu da deyəcək ki, mən də gəlim, vasitəçilik edim və sair və ilaxır. Məsələ budur: Minsk Qrupu yoxdursa, Ermənistanın yeri yoxdur. Qarabağla bağlı Ermənistana aid mövzu yoxdur, çünki Xankəndi daxil, bütün ərazilər Azərbaycana aiddir və bu məsələ bizim daxili işimizdir. Bu baxımdan Ermənistan istəyir ki, özü üçün hansısa bir yer düzəltsin, bəlkə də Qərbin təhriki ilə. Çünki Qərb də fikirləşir ki, bu gün vasitəçiləri, sabah da müşahidəçiləri göndərərəm.

- Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qapıları bütün ölkələr, o cümlədən Azərbaycan üçün açıq olmalıdır”, deyib. Rusiya XİN təmsilçisinin KTMT ilə bağlı mesajının izahı nədir: Bakıya “Rus NATO”suna qatılmaq mesajı deyilmi? Xüsusilə də İrəvanın KTMT-dən kömək istəməsinin fonunda bu açıqlama şərt təsiri bağışlamırmı?

- İnanmıram. KTMT ölü vəziyyətdə olan təşkilatdır. Rusiya artıq qəbul edir ki, hərbi baxımdan Azərbaycanın Türkiyə ilə bağlılığı var. Bu baxımdan onlar da başa düşür ki, Türkiyə tərəfindən Azərbaycana təhlükəsizlik təminatları verilib və 2-3 KTMT-nin təminatından da yüksəkdir. Çünki faktiki olaraq bu təşkilat özünü heç yerdə göstərməyib, elə bir tarixi hadisə olmayıb. Bu baxımdan inanmıram ki, bu, ciddi bir məsələdir.


Comments


bottom of page