top of page

Azərbaycan Kinematoqrafiyasının inkişaf konsepsiyası hazırlanır


Mədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin kino ictimaiyyətini təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə qeyd olunur ki, 1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət etmiş, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərdə özünün intibah dövrünü yaşamışdır.

Azərbaycan kino­su­nun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiyallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Xüsusilə ötən əsrin 70-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlmişdir.

1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olmuşdur. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməmiş, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olmuşlar. 

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artmış, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilmişdir. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlanmışdır. Məhz ulu öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin mədəniyyətə diqqət və qayğı siyasətini uğurla davam etdirərək milli kino sənətimizin qorunması və inkişafı ilə bağlı bir çox sərəncamlar imzalamışdır.

Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən artıq bədii, sənədli və cizgi filmi çəkilmişdir. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilmiş 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanmışdır.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Diqqətə çatdırılır ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilirmişdir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınmışdır. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək.

Təbrik müraciəti bu sözlərlə bitir: “Kino kollektiv yaradıcılıq sənətidir. Bir filmin ərsəyə gəlməsində onlarla insanın əməyi olur. Mədəniyyət Nazirliyinin kollektivi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsinə adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır".

Comments


bottom of page