top of page

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilir


Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya iki günlük səfəri zamanı enerji təhlükəsizliyi ilə bağlı çox mühüm mesajlar verdi. Belə ki, Azərbaycan dövlətinin başçısının Cernobbio forumunun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda çıxışında söhbət təkcə Avropanın enerji təhlükəsizliyindən deyil, həm də daha qlobal mövcud problemlərin həllindən və enerji sektorunda gözlənilən problemlərdən gedirdi. Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.


Şübhəsiz ki, enerji təhlükəsizliyi məsələsi Azərbaycan-İtaliya münasibətlərində mühüm rol oynayır. İtaliyaya neft tədarükünə görə ölkəmiz birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. Daha doğrusu, hələ ki üçüncü yerdədir. 2021-ci ildə İtaliya bazarına təqribən 7 milyard kubmetr qaz ixrac edilib, yəni SGC vasitəsilə göndərilən ixrac qazının əsas hissəsi. 2022-ci ildə Azərbaycan qazının İtaliyaya ixracının mövcud tempi saxlamaqla, uzunmüddətli və spot müqavilələr çərçivəsində 10 milyard kubmetrə çatdırılacağı gözlənilir. İtaliya Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi məsələsində çox qətiyyətlidir və bu ölkənin rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Bundan əvvəl İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “La Repubblica” nəşrinə müsahibəsində ölkəsinin TAP vasitəsilə təbii qaz idxalının həcmini ildə 10 milyard kubmetrə çatdırmaq istəyini açıqlamışdı. İndi TAP-la gələn Azərbaycan qazı İtaliyanın qaza olan tələbatının təqribən 10 faizini təmin edir, lakin Prezident İlham Əliyevin forumda dediyi kimi, həcmi iki dəfə artırmaq olar.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri təkcə iki ölkə arasında artan siyasi və iqtisadi münasibətlərin daha yüksək səviyyəyə keçidi məqsədi daşımırdı.

Belə ki, Avropadanın hazırkı gərgin beynəlxalq hərbi-siyasi vəziyyətdə həmçinin üzləşdiyi enerji böhranı, əsasən də Qazpromun Avropaya qaz ixracını “Şimal axını-1” kəməri ilə tam dayandırdığı zaman rəsmi Bakının etdiyi enerji əməkdaşlığı çağırışı səfərin deyərdim ki, daha diqqətçəkən məqamı oldu. Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı Avropada artan enerji tələbatını ödəmək üçün sıx əməkdaşlığın və koordinasiyanın vacib olduğunu bəyan etdi.

“Artan enerji tələbatını ödəmək üçün bizim əlbəttə, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var”, - deyə dövlət başçısı bildirib.

O vurğulayıb ki, Azərbaycan bu məqsədlə Avropa İttifaqı ilə artıq rəsmi olaraq enerji sahəsində dialoqa başlayıb və Bu dialoq təkcə təbii qaz deyil, enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl enerji seqmentlərini əhatə edir.

Daha sonra Azərbaycan Prezidenti TAP-ın genişləndirilməsinin zəruriliyini bir daha Avropa auditoriyasının diqqətinə çatdırıb. Başqa bir məqam isə Prezident İlham Əliyevin Azərbaycanın Trans-Adriatk Boru kəmərinin genişləndirilməsi ilə bağlı praktiki danışıqlara başladığını açıqlaması olub. “Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Biz artıq praktiki danışıqlara başlamışıq”, - deyə dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti həmçinin Qərbdəki alıcılara mesaj verib ki, borunun genişləndirilməsi ilə bağlı resurslarda heç bir problem yoxdur. Çünki təkcə Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir. Azərbaycan Prezidenti həmçinin Azərbaycnaın İtaliyanın enerji təhlükəsizliyindəki rolundan da danışıb. 2020-ci ilin 31 dekabr tarixindən Avropaya 13,5 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşüb. Yəni Azərbaycanın Avropaya qaz ixracında İtaliyanın payı hazırda 87%-ə yaxındır.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan İtaliyaya 6,8 milyard kubmetr qaz ixrac etmişdi. İtaliya şirkətlərinin “Şahdəniz” konsorsiumu ilə qaz alqı-satqı müqavilələrinə görə, Azərbaycanın bu ölkə qarşısında öhdəliyi ildə 8 milyard kubmetr qaz tədarüküdür. Göründüyü kimi, İtaliya Avropada yaşanan enerji böhranı ilə əlaqədar Azərbaycandan əlavə qaz həcmləri almaq istəyib və Azərbaycan da onun arzusunu gerçəkləşdirib.


Comments


bottom of page