top of page

“Araik həbs edilib Bakıya gətiriləcək”


Separatçıbaşı və quldurbaşı Araik Arutyunyan yenə Bakı tərəfə hürüb. Azərbaycanın beynəlxalq axtarışa verdiyi, 7 aydır rusun arxasında gizlənən bu cani Qarabağda qalan 1-2 erməni kəndinin sakinləri ilə görüşdə deyib: “Bizim əsas hədəfimiz ”Artsax"ın müstəqilliyidir. Və müstəqillik uğrunda mübarizənin alternativi yoxdur. Dağlıq Qarabağ öz müstəqilliyi uğrunda mübarizəsini davam etdirəcək. Dağlıq Qarabağın Azərbaycan tərkibində olması istisnadır. Xalq buna heç vaxt icazə verməyəcək. Müstəqillik uzun yoldur, amma biz hədəfimizə çatacağıq".

Araik onu da deyib ki, “Rusiya və onun ordusu olmadan bölgədə uzunmüddətli sülh və sabitlik təmin etmək mümkün deyil, rus sülhməramlılarının varlığı ermənilərin ”Artsax"da mövcudluğunun zəmanətdir".

Bəs Bakı vaxtaşırı bizə tərəf hürən bu erməni itini nə vaxt qandallayıb mühakimə etməyə nail olacaq - hazırda mühakimə olunan digər terrorçu-diversantlar kimi. Əsas əngəl nədən ibarətdir? Onların həbsi uzandıqca Azərbaycan dövlətinin gücünə cəmiyyətdə inam azalmaz ki?

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü Ermənistandakı 20 iyun seçkilərinə qədər Azərbaycanın ehtiyatlı olmasının vacibliyini vurğuladı: “Arutyunyan öz sözünü demir və onun iradəsi də artıq belə məsələlərdə heç nəyi həll etmir. Çünki əvvəla, o, özü və ətrafı həyatlarına görə ruslara borcludurlar və Rusiyanın da təhlükəsizlik zəmanəti altında fəaliyyət göstərirlər. Onları Qarabağda qoruyub saxlayan, sağ qalmalarını təmin edən və indi də ümid bəslədikləri Rusiyanın prezidenti Putin isə dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və ermənilərin iddia etdikləri status məsələsinin həlli də gələcəyin işidir. Yəni Rusiya özü ermənilərin bu müstəqillik istəyinə nöqtə qoyub. Yenidən bu separatçılıq meylinin qızışdırılması, beynəlxalq hüququn prinsiplərinə zidd olan təşəbbüsün meydana atılması Rusiyanın zəmanətiylə aparılan sülh danışıqlarını poza və bunun da ən ağır zərbəsi elə növbəti dəfə daha sərt şəkildə ermənilərin o çapılmış başlarına dəyə bilər. Fikrimcə, Araikin bu bəyanatı hazırda daha çox rus sülhməramlılarının Qarabağda saxlanmasınının zəruriliyini bildirməyə və bir də Ermənistandakı seçkilərdə revanşistlərin mövqeyini gücləndirməyə hesablanmış bir açıqlamadır və Qarabağ ermənilərindən də daha çox ruslara lazımdır.

Çünki Rusiya çox narahatdır ki, Qərb Rusiya hərbçilərinin bölgədə sülhməramlı adı altında təkbaşına yerləşməsinə razılıq verməyə bilər və xüsusən də qərbyönümlü Paşinyanın seçkilərdə qələbəsindən sonra Qərb silahlı qüvvələrinin bölgəyə gətirilməsi cəhdləri artar. Bu məsələ də NATO-nun iyunun 14-də gözlənilən sammitində, xüsusən də Bayden-Ərdoğan və Bayden-Putin görüşlərində müzakirəyə çıxarılacağından, Rusiya bu separatçının əliylə indidən o mesajı verir ki, Qarabağda söz sahibi Ermənistan hakimiyyəti yox, rəsmi Kremldir. O da mümkündür ki, Rusiya Araikin əliylə Azərbaycan hakimiyyətinə 14-16 iyun görüşlərinədək hansısa öhdəlikləri götürməsi üçün təzyiq edir. Çünki ruslar çox istəyirlər ki, Azərbaycan KTMT-yə və Avrasiya İttifaqına qoşulmağa razılıq versin. Bu səbəbdən, mən onun tərəfdarıyam ki, 14-16 görüşlərinin nəticəsi bilinənə və Ermənistandakı seçkilər başa çatanadək, Azərbaycan hədsiz dərəcədə ehtiyatlı, ayıq-sayıq olmalı, çəkilən təxribatlardan yayınaraq, vaxt udmalıdır”.

Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Rusiyanın məsuliyyət zonasında erməni separatçıların lideri Araik Arutyunyan faktiki sülhməramlı qüvvələrə arxayın olub belə bir açıqlama verir: “İlk növbədə burada əsas günahkar tərəf sülhməramlı qüvvələrdir. Onlar Azərbaycana qarşı belə bir hərəkətliliyə imkan verməməlidirlər. Əgər Araik Azərbaycanın ərazisində belə bir avantürüst bəyanat verirsə, rəsmi Bakı heç kimə əhəmiyyət verməyərək onu zərərləşdirməlidir. Sülhməramlı qüvvələr bu özbaşınalığa yol verirsə, onların burada fəaliyyəti demək separatçılığa stimul verməkdir. Azərbaycan tərəfi proseslərin gedişinə fikir verir. Onsuz da erməni separatçıları 30 il ərzində heç nə əldə edə bilmədisə, dağılmış vəziyyətdə belə bir açıqlama verməsi populizmdir. Cənab Ərdoğanın Azərbaycana səfərindən sonra düşünürəm ki, rəsmi Bakı Ankara ilə yeni bir mərhələyə start verəcək. Bu, Qarabağda tör-töküntü erməni separatçılarının ləğv edilməsi olacaq. Azərbaycan Xankəndindən keçib Şuşaya gedir, dörd tərəfdən onları mühasirədə saxlayır. Biz Rusiyanın davranışlarına baxırıq. Rusiyanın bu kimi davranışları davam edəcəksə, Azərbaycan hərəkətə keçəcək. Zəngəzur dəhlizinın açılması və Ermənistanla sərhədlərin müəyyənləşməsindən sonra Nikol Paşinyan da Qarabağdakı separatçılara əhəmiyyət verməyəcək. Hazırda Ermənistan daxilində Qarabağ ermənilərinə böyük nifrət var. Onlar Ermənistanın itkilərini və dərin böhranı onlarda görür. Hətta onlara deyilir ki, gedin Azərbaycanın tərkibində yaşayın, Ermənistanı məhv edirsiz. Paşinyan da bu fikirdədir və Qarabağ ermənilərinin bu alçaq hərəkətlərindən Ermənistanda siyasi vəziyyəti stabilləşdirə bilmədi. Ona görə də seçkilərdən sonra Qarabağdakı ermənilər ona maraqlı olmayacaq. Azərbaycan kifayət qədər güclü ölkədir və istənilən vaxt Araiki həbs edə bilər. Sadəcə burada çalışır ki, üçtərəfli sazişin bəndləri yerinə yetirilsin. Bu bəndlər yerinə yetirildikdən sonra Araikin varlığına son qoyulacaq”.

Cavanşir ABBASLI


Comments


bottom of page