Şəhid Xalid Mahmud oğlu Hassan Sumqayıt şəhərində anadan olsa da, uşaqlığı Qazaxıstanda keçib, birinci sinfə Bərdədə məcburi köçkünlər üçün salınmış “Ərəb” çadır şəhərciyində gedib. 11-ci sinfə qədər Almatıda yaşayıb. Kəşfiyyatçı olmaq Xalidin ən böyük arzusu imiş. Atası xarici ölkə vətəndaşı olsa da, ana yurdu Ağdamı görməyə can atırmış. Hərbi xidmətini Ermənistanla sərhəddə, Tovuz rayonunda başa vurub. Xidmətdə olanda da kəşfiyyatçı olmaq üçün müraciət edib, lakin atasının əcnəbi olması bu arzusunu reallaşdırmağa imkan verməyib. Xalid bu arzusuna Vətən müharibəsində çatıb və şəhidlik zirvəsinə ucalıb. Onun 1 yaş 9 aylıq körpə qızı Məryəm indi bizə əmanətdir.
Publika.az-a Xalidin döyüş yolundan danışan şəhidimizin anası Maya Quliyeva deyir ki, mən daim Vətənə qurban olum demişəm, Vətən isə oğlumu özünə qurban aparıb məni daha da şərəfləndirdi.
- Vətəni çox sevməyimin, Vətənə canım fəda sözlərimin bədəli canım deyilmi? Sənə canım qurban, Vətən, deməmişdimmi? Canımın canını qurban verdim. Mən oğlumla fəxr edirəm. Sayca üçüncü qardaşım olan, tək sirdaşım, dostum kimi güvəndiyim, ən yaraşıqlı nişanlım kimi qürurlandığım, birinci övladım kimi bağrıma basdığım və Vətənimin yolunda şəhidlik məqamına ucalan neçə-neçə oğullarımdan, qardaşlarımdan , dostlarımdan ayırmayıb onu da şəhidliyə layiq bildiyim, mənə şəhid anası adı qismət etdiyi üçün Allaha şükür. Nənəsinə “mən Saybalı havası udmaq istəyirəm” demişdi. Qismət olsa, mən Saybalıdan sənin məzarına ancaq Saybalı torpağı gətirəcəm, Xallım ( Xalid - red.). Qarabağ müharibəsi veteranı nənəsinin nəvəsinə və Vətənini canından çox sevən anasının quzusuna da ancaq şəhidlik yaraşardı. Onların Vətən əmanətini indi mənim kimi analardan və Ömər (qardaşı) kimi qardaşlardan son nəfəsimizədək heç fələk də ala bilməz. Mənim oğlum, sənin oğlun, onun oğlu bu Vətən üçün can alıb, qan töküb, ya da şəhid olmayacaqsa, bəs biz nə deyə bu torpağın üstündə yaşayırıq. Ən şərəfli məqamdadırlar. Odlu silah müharibəsində qalib gəldik. Düşmənimizi yaxşı tanıdıq. Amma əvvəlki səhvləri təkrarlamamaq üçün bundan sonra 2 vəzifəmiz var. Şəhidlərimizin borcunu ancaq onların qanı ilə mayalanmış Vətənimizi qorumaqla ödəmək və övladlarımıza, millətimizin, nəslimizin, soyumuzun davamçılarına Qarabağ Azərbaycanın olub və olacaq təbliğatını aparmaq. Mən bilirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı.
- Artıq bir il ötür. Keçən bir il şəhid anası olaraq sizin üçün bir əsrə bərabərdir. Bu bir ildə həyatınızda nələr dəyişdi?
- Mən müharibənin içində olmuşam, şəhid görə-görə gəlmişəm. Həmişə elə bilirdim ki, müharibənin mərkəzində olmuşam. Əslində elə deyilmiş. Həmişə çevrədə olmuşam, indi isə bu çevrənin tam mərkəzindəyəm. Mənə görə bu bir il bunu anlamaq deməkdir. Bu ötən bir il mənə Xalidimin qardaşlarını qazandırdı. Evli şəhidlərin övladları, həyat yoldaşları var ki, həqiqətən onlar hazırda diqqət və qayğı ilə əhatə olunublar. Bundan sonra onlara dəstək daha çox lazım olacaq. 90-cı illərin şəhidlərini görüb gəlmişəm. Biz gələcəkdə təbliğatımızı elə qurmalıyıq ki, onlar hər zaman xatırlansın, illər sonra yenə də dəstək görsünlər. Özümə deyirəm ki, Maya, yaşamalısan ki, yaşadasan. Onları yaşatmaq lazımdır. Yaşatmaq lazımdır ki, unudulmasınlar. Şəhidlərimizin ailə üzvləri üçün nəzərdə tutduğum planlarım var. Onlar üçün ayaqda olmalıyam, onlar üçün yaşamalıyam. Bu, mənim hər gün özümə dediyim sözdür. Bu bir il mənə yaşamaq üçün çox səbəbimin olduğunu göstərdi.
- İstərdim Xaliddən danışaq, körpəliyindən, gəncliyindən və elə sizə, bizə yadigar qoyub getdiyi körpəsindən...
- Xalid Hassan 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Xallım 6-7 aylıq olanda babasının (onlar atalarına baba deyirdilər) işi ilə əlaqədar olaraq biz Qazaxıstana köçdük. Xallımla birlikdə iki ildə bir gəlirdim Vətənə. Elə oldu ki, birinci sinfə də Bərdə rayonunda köçkünlərin məskunlaşdığı “Ərəb” çadır şəhərciyində yerləşən 2 nömrəli Ağdam rayon tam orta məktəbinə getdi. Xalidin atası Mahmud İmam Hassan Misir vətəndaşıdır. 1992-1993-cü illərdə “İslam Nicat Təşkilatı”nın Azərbaycana yardım gətirən üzvlərindən biri idi. Mən də ona baba deyə müraciət etmişəm həmişə. 10 ildən çoxdur ayrılmışıq, amma yenə də ona baba deyirəm. O zaman Xalid 1-ci sinfə gedəndə Azərbaycana qayıtmağıma, onun burada məktəbə getməsinə səbəb bəlkə baba da qayıdar burda yaşayarıq deyə fikirləşməyim olub. Amma o Almatıdakı işinə görə qayıtmaq istəmədi. Dedi, mənim işim burdadır. Sonra mən Xalidlə yenə qayıtdım Almatıya. Xallım orta məktəbin 10-cu sinfinəcən Almatı şəhərində oxuyub. Evdə Azərbaycan dilində danışır, öz yerli kanallarımıza baxırdım ki, uşaq həm dilimizi, həm də buraları yadırğamasın. Elə oldu ki, biz həmişəlik Azərbaycana qayıtdıq. Artıq 3-4 yaşında Ömərimiz də vardı. Xalid 11-ci sinfi Ağdam rayon 2 nömrəli məktəbdə bitirib. Bu dəfə məktəb Bərdə şəhərində deyil, Ağdamda dövlətin köçkünlər üçün saldığı qəsəbələrin birində - Bənövşələr qəsəbəsində yerləşirdi. Mənim anama da bu qəsəbədə ev verilmişdi deyə biz onun 1 otaqlı evində yaşayırdıq. Əsgərliyə də 2014-cü ilin aprelində elə nənəsinin evindən gedib. Hərbi xidmətinin demək olar ki, 1 ildən çox hissəsini əsasən Tovuzun ən yüksək mövqelərindən biri olan Muncuqlu kəndindəki Maral postunda xidmət edib. Həmin il avqustun 1-də müddətdən artıq hərbi qulluqçu olan dayım oğlu Qaryağdı Ağdamda ermənilərin snayperdən açdığı atəşlə şəhid olmuşdu. Mən ondan bu xəbəri gizlətsəm də, o, hardansa eşitmişdi. Xallım bu xəbərə ən azı biz qədər pis olmuşdu. Məzuniyyətinin, evə buraxılışın vaxtı olmasa da, dayım oğlunun 7 mərasimində mənə Xalid məzuniyyətə gəlir dedilər. Tez evdən çıxdım ki, həqiqətən gəlir. Görüşüb nə yaxşı icazə verildiyini xəbər alanda “Mən Qaryağdının qisasını aldım” dedi. Snayperlə bir erməni vurduğuna görə vaxtından əvvəl 5 günlük məzuniyyət vermişdilər. Yadımdadır, dedim get, paltarını dəyiş, sonra gəl. Hərbi formada yasa gəlməyini istəmədim.
Ən böyük arzusu idi kəşfiyyatçı olmaq. Amma babası xarici ölkə vətəndaşı olduğundan əsgərlikdə kəşfiyyata yazılması mümkün olmamışdı. Həmişə mənə zarafatla irad tutardı ki, Azərbaycanda bir kişi tapmadın ərə gedəsən, mən də kəşfiyyatçı olam. Əgər Xalid əsgərlikdə kəşfiyyatda olduğu müddətdə şəhid olsaydı və ya əsir düşsəydi, Azərbaycan dövlətinə qarşı bir siyasət işlədilə bilərdi. Bu kimi amilləri nəzərə alaraq onu kəşfiyyata qəbul etmədilər. Əsgərlikdən 2015-ci ilin oktyabrında gəldi. Nə qədər elədimsə polis olsun, istəmədi. Hərbiyə qayıtmaq istəyirdi. Sənədlərini belə ikimiz düz-qoş elədik. Amma anam bildi və məni çox danladı ki, göz görə-görə oğlunu hərbiyə yazdırırsan. Atası xəstə olduğunu nəzərə almasını təkid etdi, o, əlil idi. Günlərdir hazırladığımız bütün sənədləri bir anın içində atası gedib geri götürdü. Sonda arzusuna çatdı, kəşfiyyatçı kimi şəhid oldu. Xalid döyüşlərə qoşulanda qızı Məryəm 9 aylıq idi.
- Məryəm atasını dərk edir?
- Xalidimin tək yadigarı Məryəm böyüyənə qədər o yolu gedib-gələcəm. Ona mütəmadi baş çəkirəm. Şəhidlər xiyabanına gedirəm, oğlumla danışıram, dərdləşirəm, dolanda ağlayıram, şikayətimi edirəm. Amma diri dərdi çəkilməzdir. Təlimdə olanda Xalid Məryəmlə şəkil çəkdirmişdi, böyüdüb evdən asıblar. Soruşanda ki, Məryəm, ata hanı, həmin şəkli göstərir. Atanı gətir deyirsən, gedir atasının şəkillərini gətirir. Dərk edir. Kiçik oğlum Ömər qardaşına çox oxşadığı üçün görüntülü danışanda Məryəm Ömərin üstünə qaçmaq istəyir. Onun qucağından düşmək istəmir. 2021-ci il yanvarın 23-də qızı Məryəmin 1, yanvarın 26-da isə özünün 26 yaşını onsuz qeyd etdik. Vətən sağ olsun. O, özünü qurban verib məni Vətənimə qaytardı...
- Müharibənin ilk günlərini necə xatırlayırsınız?
- Müharibə başlayan zaman Bakıda yaşayırdım. Kiçik oğlum tətil olduğu üçün Ağdamda nənəsinin yanında qalırdı. Xalid 27-si günü zəng edib məni oyatdı ki, ana, arzumuz gerçək oldu, müharibə başlayıb, gəl Vətənə. Hər şeydən hali olandan sonra mən artıq Bakı-Bərdə taksisində idim. Xallıma zəng etdim, dedi, yuxarılardayam, ancaq nənəmə heç nə demə. Dedi ki, vəziyyət ciddidir. Mən Ağdama yola düşdüm. Gəlib çatdım Ağdama. Müharibə başlamışdı. Sülh gözləyə-gözləyə Vətənə qovuşa bilməməyin nagümanlığı, yenə apreldəki kimi yarımçıq dayanacağımızın ümidsizliyi... İlk şəhidimizin olduğunu bildirdi. Məni qarşılaya bilmədi, dedi ki, şəhidimizi dəfn edəcəyik. Hara çağırsam ora gələn idi, amma bu dəfə gəlmədi. Dəfndən çıxdı gəldi. Anam Ağdamın Bənövşələr qəsəbəsində yaşayırdı, biz Xalidlə ora getdik. Gördük ki, evimizin arxasında böyük ağacların kölgəsində 10-12 hərbi maşın, təcili yardım maşını toplaşıb. Biz orda hərbçilərə yemək, geyim yardımları edirdik. Kiçik oğlumdan da arxayın idim, Bərdəyə atasının yanına yollamışdım. Bütün dostların hamısı eşitdi ki, təminat lazımdır. Evindən çıxan mülki insanlar yerləşdirilənə qədər Ağdam, Bərdə və Ağcabədi istiqamətində yol kənarlarında maşınlarında qalan, məktəblərin, kolleclərin, idarələrin binalarında məskunlaşan ailələrə ərzaq, geyim, dərman yardımı edirdik. Xalidlə birlikdə onlara yemək, su, siqaret aparıb paylayırdıq.
Hər kəs bacardığı qədər kömək edirdi. Anamın evi anbara çevrilmişdi, silah-sursatdan başqa hər şey var idi. Səs gücləndiriciyə qədər. Qərargah rəisi Əsəd Həsənov o qədər atəş, hücum, hazırla əmrləri vermişdi ki, səsi batmışdı. Komandir dedi ki, qaynar süd kömək edər mənə. Soraqlayıb süd tapdıq və komandirə çatdırdıq. Bütün bunların hamısını Xalid edirdi. Oktyabrın 18-də evimiz minomyotla vuruldu. Qaz balonları var idi, 10 metr yaxın düşsəydi, və ya bir qədər aralı düşsəydi, içi mərmi dolu maşın partlayardı, qəsəbə yerlə-yeksan olardı.
- Xalid müharibəyə könüllü qoşuldu?
- Xalid 2020-ci il iyul hadisələrindən sonra səfərbərliyə müraciət etmişdi. Ancaq ehtiyac olarsa, müraciət edəcəklərini bildirmişdilər. Biz isə gedib rayon komissarlığına müraciət etdik. Sentyabrın 27-dən səfərbərliklə çağrılmadığından iki dəfə Ağdam Hərbi Komissarlığına könüllü getmək üçün müraciət etdi. Təcili olaraq müharibəyə getmək istəyirdi. Anam körpə qızına görə qoymaq istəmirdi getsin. Bir dəfə anam dedi ki, Xalid, Məryəm üçün darıxmamısan? Dedi ki, nənə, heç təkid eləmə, burdan heç yana gedən deyiləm. Xalid çox təhlükəli yerlərə gedirdi, anam ondan çox narahat idi. Mən də onunla olurdum, bəzi yerlərə gedəndə kəlmeyi-şəhadətimizi deyib gedirdik. Mülki maşın demək olar ki, yox idi, ancaq biz idik. Bir dəfə yemək aparanda bir neçə saniyə sonra keçdiyimiz yeri minomyotla vurdular. Şəhid ola bilərdik. Bütün bunlara görə, anam həyat yoldaşına dedi ki, qızının xəstə olduğunu xəbər versin. Amma Xalid yenə də razı olmadı, onu cəbhədən geri qaytarmaq istəyimizi anlamışdı. O, 7 aylıq qızını çox sevirdi. Ancaq ön xəttdən bir metr də geri addım atmadı. Hətta bir dəfə Sabirabada (qızının və həyat yoldaşının yaşadığı yer - red) Ağcabədidən maşın gedirdi, ərzaq alıb göndərirdik. Dedim ki, bura qədər gəlmisən, bəlkə gedib yoldaşını, qızını görüb gələsən. Deyirdi ki, ana, gedərəm, birdən gəlib səni tapa bilmərəm. Məni itirəcəyindən də çox qorxurdu, tək qoya bilmirdi. Vəziyyət pis idi, müharibəni danışmaqla anlatmaq olmur.
Döyüşlərə nə zaman yollandı?
Oktyabrın 8-i idi, dedi ki, gedirəm hərbi komissarlığa. Səfərbərlikdən çağırılanlar gedib, ancaq könüllü yazılanlardan xəbər yoxdur. Ancaq gördük ki, komissarlığın qapısına qıfıl vurulub, təhlükəli olduğu üçün Muğam mərkəzinin zirzəmisinə köçürülmüşdü. Ora getdi, Xalidə deyiblər ki, sən getsən, Mingəçevirdə bir həftə təlim keçməlisən. Ancaq deyirdi ki, mənə silah verin, birbaşa gedim döyüşə. Bizə müraciət edəcəklərini dedilər. Evə gələndə anam dedi ki, sən ərəbsən, azərbaycanlı deyilsən, niyə getmək istəyirsən. Dedi ki, nənə, mən Saybalı (anasının doğulduğu kənd - red) havası udmaq istəyirəm. Dedi ki, sən Saybalı görməmisən, niyə bu qədər istəyirsən. Mən həmişə onu Qarqarın sahilinə aparırdım, yaz ayları əsasən çay gəlirdi. Sevinərək gedirdik ora, Xalidi də aparırdım, Saybalıdan danışırdım. Onda təsəvvür yaranır, Vətənə daha çox bağlanırdı. Hamı deyir ki, sən özünlə aparırdın, danışırdın. Amma ən şərəfli ölümdür şəhidlik. Bundan ötəsi nə ola bilər ki?!
Oktyabrın 1-də qərargah rəisi Əsəd Həsənov şəhid oldu. Xalid oktyabrın 2-də onun şəhid olduğu yerə getdi. Tanıdığımız insanlar şəhid olurdu. Orxan Mövsümzadə əli ilə topu atırdı, Aprel döyüşlərindən tanıyırdıq onu. Bir termos çay, mürəbbə və kompotları yığıb Xalidin maşını ilə gedirdik. Anam deyirdi ki, hamı üzüaşağı gedir, sən Xalidlə üzüyuxarı gedirsən.
Oktyabrın 8-i komissarlıqdan zəng gəldi, getdik. Mənə dedi ki, elə et ki, mən Ağdam tərəfdən döyüşüm. Dedim, get, baxarıq. Elə bilirdi ki, əsgərlikdir. Məndən komissarlıqdakı nümayəndələrlə danışmağımı istədi. Çox istəyirdi ki, Ağdamda döyüşsün. Görüşdük, getdi. Son dəfə orda gördüm. Amma mütəmadi əlaqə saxlayırdıq, telefonunu özünə göndərmişdim. Təlimlər bitəndən sonra qızı Məryəmi görmək istədiyini dedi, bildirdi ki, qızımı yanıma göndər, görüm. Məryəmi apardıq Mingəçevirə, təlimin son günü idi, orada gördü, bir saat yarım vaxt keçirdilər. Səhəri gün isə döyüşə çıxdılar.
- Döyüşlərdə əlaqə saxlayırdınızmı, nə danışırdı?
- Döyüşlərdə zəng etdi. Parolla danışırdıq. Dedi, bilirsən nə olub? Dedim, nə? Dedi, nənəmə demə, sənin “ilangözün” gəlmişdi. “İlangöz” də mənim 2-ci korpusun kəşfiyyat rəisi Nəsimi Şıxəliyevə dostlar arasında qoyduğum addır. Soruşdum ki, Xallım, dedin mən Mayanın oğluyam? Dedi ki, nə deyəydim, məni tapşıraydın ki, götürməsin kəşfiyyata? Xalid dedi ki, könüllü kəşfiyyatçı yığırmış. Bir addım önə çıxıb, hazır olduğunu bildirib. İrəli çıxıb, deyib atam ərəbdir, amma nə olsun, mən ağdamlıyam. Kəşfiyyatçı olmaq istəyirəm. 2 dəfə soruşub, əminsən? Deyib bəli. Mən sonradan bildim kəşfiyyatda olduğunu. Hər dəfə olduğu yeri soruşurdum, demirdi. Sonra parolla yerini dedi, bildim ki, Naftalan tərəfdədir. Ərzaq, geyim aparmaq istəyirdim. Həm də o hissəyə generator aparmalı idim. Xalid mənə tanıdığımız şəxslərin o olduğu yerə getdiyini dedi. Mən də həmin tanışlardan xahiş etdim ki, gün ərzində harda olduqlarını desinlər. Ancaq o cür tapa bilərdim. Xalidə onlara yaxınlaşmağı tapşırmışdım, amma istəmirdi, deyirdi ki, döyüş yoldaşları elə beləcəklər “day-dayı” var. Həm də elə bilirdi ki, onu geri qaytarmaq istəyirik. Hər zəng edəndə ehtiyatlı ol deyirdim. O isə Vətən sağ olsun deyirdi. Sonunda Xalidin olduğu yeri tapdıq, ən çox sevdiyi şeyləri aparmışdıq, kofe, “Coca-Cola” və s. Özü gəlib götürə bilmədi, hərbinin təcili yardımının nömrəsini verdi, ona verdik, dedi ki, hamısını Xalidə çatdıracam. O, ancaq onların yanına yaralı olanda gedirmiş. 2 gün sonra verdiklərimizi aldığını dedi. Hər kəs ona ərəb deyirdi. Döyüş yoldaşı deyir ki, gecə dururduq ki, ərəb kofe hazırlayır. Xalid onu xüsusi ərəb üsulu ilə düzəldirdi. Qril istəyirdi, demək yadından çıxıb, zəng vuranda dedi, qismət olmadı...
- Nə vaxt şəhid oldu?
- Zəng etdi ki, dostum Bilalın kəndindən - Güneypəyədən gəlirəm. Ondan əvvəl iki gün zəng çatmamışdı. Əməliyyata gedib qayıdıblar. Noyabrın 4-də Kəlbəcərdən Şuşaya gedən yolda, alnına dəyən qəlpə yarasından şəhid olub. Ayın 5-də aşağı düşürüblər. Babək Səmidli Tofiq Şahmuradova zəng edərək deyib ki, şəhidlərdən biri sənin soruşduğun oğlandır. Pis olub, yenidən soruşub. Deyib ki, Mayanın oğludur. Deyib zəng et, xəbər var, bundan şərəfli ölüm yoxdur. İki gün idi ki, yuxularımı qarışdırırdım. Tanıdığım hər kəsə zəng edirdim. Tofiqə zəng etdim, dedi, Maya, Xalid şəhid olub. Noyabrın 6-da Ağdam rayonunun Quzanlı kənd qəbiristanlığında salınmış Şəhidlər xiyabanında dəfn etdik.
- Xəbəri harada aldınız, necə qarşıladınız?
- Həmin gün maşında ərzaq aparırdıq. Evimiz vurulandan sonra idi. 18 oktyabr evimiz vuruldu, biz yaralandıq. Kimsə Xalidə demişdi, bizə zəng etdi ki, niyə mənə deməmisiniz. Dedim, narahat olma. Təzəkəndə gedirdim, Tofiqə yığırdım, telefonu söndürdü. Maşınında olduğum komandirə zəng gəldi. Gördüm duruxdu, dedim, nə olub? Dedi, heç nə, mənə evə zəng etməyimi söylədi. Evə zəng etdim, gördüm, anamın səsi gəlir, ağlayırdı. İlk ağlıma gələn evimizin vurulmağı oldu, mənə dedilər ki, geri qayıt. İkinci ağlıma gələn isə Xalid idi. Dedim, tez sürün maşını, tez çatım evə. Çatdım evə, hamı ağlayırdı. Dedilər ki, Xalid ağır yaralanıb. O xəbəri alanda üsyankarlıq da etmədim. Sonra onu görməyə getdim. Heç getdiyim yerin morq olduğunu da bilmirdim. Sonra bildim ki, şəhid olub. Atasına zəng etdim, dedim gəl, oğlun şəhid olub. Atası üçün çox ağır bir xəbəri verdim. Mən öyrəşmişdim, çox şəhid görmüşdüm.
- Atası oğlunun Qarabağda vuruşmasına razı idi?
- Əvvəllər hərbçi olmasına razı deyildi. Mülki işlərlə məşğul olmasını istəyirdi. Müharibəyə gedəndə atasına da, ailəsində demişdi ki, çağırıblar gedirəm, könüllü getdiyini onlara bildirməmişdi.
- Döyüş yoldaşları ilə əlaqəniz varmı? Xalid haqda nə deyirlər?
- Danışırıq, görüşürük, əlaqələrimiz var. Hələ də yarası sağalmayanlar var... Sağ olsunlar, zəng edirlər, maraqlanırlar. Həmin döyüşdə dörd şəhid olub - Masallıdan Əli, Bərdədən Elşən Mehbalıyev, Gəncədən Araz və Xalid. Xalid görüb ki, Araz şəhid olub, silahını götürüb ayaq üstə Arazın qisasını aldım deyib qışqırırmış. Bu zaman vurulub. Morqa gedəndə tələbim o oldu ki, oğlumu görmək istəyirəm. Alnının ortasından qəlpə dəymişdi...
- Arzusu, planı olmayan insan olmur. Xalidin hansı arzuları var idi?
- Evi-eşiyi, maşını, hər şeyi var idi. Atası evini tikdirmişdi. Xalidin 2 mağazası var idi. Maddi cəhətdən özünü idarə edirdi, çətinliyi heç zaman olmayıb. Arzusu Saybalıya gedib oranı görmək idi. Gedə bilmədi... Var-dövlət sarıdan ac olmamışıq. İstədiyim o Saybalı, qoşa divar olub. Atamın evi çay daşından idi, eni 1 metr idi, indi də qalıb. Üstünü örtüb orada indi yaşaya bilərəm. Xalidin bəzəkli evindən nəyisə onun yanına qoya bilmədimsə, bu dünya nəyə lazımdır?! Onlar hər şeydən xəbərdardırlar, amma bizim yanımızda deyillər. Xalid sağ olsaydı, bir gedəcəyim yerə onunla beş gedərdik. Qazi gəlməsini istəməzdim amma. O qədər naşükür, nadan insanlarımız var ki. Şəhidini qoyub gedən birisi, əlsiz, ayaqsız, gözsüz birini də qoyub gedərdi. O da yaşayacaqdı mən yaşayana qədər. Əsas odur təskinliyimiz var, şəhidlərimizin sayəsində Qarabağı azad etdik. Xalid “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
- Yuxularınıza gəlirmi?
- Bir neçə gündən bir yuxuda görürəm. Şəhidliyinin 10 ayı tamam olanda yuxuma gəldi. Xiyabana gedə bilməmişdim .Gecə yuxuda gördüm ki, baş daşını silirəm. Deyir, ana daşdakı ləkələri təmiz sil. Silirəm, çəkilib kənardan baxıram, ağ-ağ ləkələr görürəm. Yenə silirəm. Eyni şey 3-4 dəfə təkrar oldu. Dedi, özünü yorma, bax İsrafilin də (İbrahimov İsrafil Zülfüqar oğlu) sinəsində var, Anarın da (Yusifov Anar Sərxan oğlu). Çönüb baxdım ki, bütün şəhidlərimizin şəkilləri ləkəlidir. Səhər durub Xiyabana getdim. Şəhid Orxan Dadaşovun atası da ordaydı. Deməli, dünən gecə azca yağış yağıb. Qara daşların hamısı ləkələnmişdi. Sağ olsun, əmi kömək elədi, hamısını silib-təmizlədik. Ən çətin təmizlənən də elə İsrafilin baş daşı oldu... Xalid yuxuma girib nəsə deyəndə əmin oluram, ona uyğun hərəkət edirəm.
- Hansı xarakterini bəyənirdiniz?
- Bütün xarakterini sevirdim, saf, təmiz övlad olub. Mən onunla bilirsiniz niyə fəxr edirəm? Çünki Xalid mənim əkizim idi. Tək fərqimiz onun kişi olması olub. İliyinəcən məndim. Vətəni sevənlər təmiz ata qanı və təmiz ana südündən yoğrulanlardır.
Azadpress.az
Comments