top of page

Bako Saakyan da həbs olunub Bakıya gətirilə bilər


Ermənistan agenti, vətən xaini Fəxrəddin Abbasovun Rusiyada həbs olunaraq Azərbaycana gətirilməsi Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunur.

Deputat Fazil Mustafa bildirib ki, Azərbaycanımızın dəyəri olan, onun varlığı üçün yüzlərlə şəhid vermiş talış qardaşlarımızın guya haqqını qoruduğunu iddia edərək ermənilərə hər şeyini satmış, vətənə xəyanət etmiş bu cür ünsürlərin xaricdən gətirilərək ədalət mühakiməsi qarşısına çıxarılması çox böyük uğurdur.

Deputat bu işdə rolu olan hər bir rəsmi və qeyri-rəsmi insanlara təşəkkür edib: “Kim olursunuz olun, siyasi baxışlarına görə kimi istəyirsiniz dəstəkləyin, ancaq bu vətənə xəyanət etmiş, onu ermənilərə və xaricdəki ermənipərəst mollalara satmış düşmənləri insan haqlarını qorumaq adı altında dəstəkləməkdən çəkinin”.

Deputat Qənirə Paşayeva isə bildirib ki, Fəxrədin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər:“Pəncəli Teymurov kimi öz toy günündə özünə vətənimiz üçün şəhid ola bilməyi diləyən qəhrəman oğulların ruhunu sızladırdı Fəxrəddin Abbasov adlı vətən xaininin, satqınının əməlləri. İnanırıq ki, layiq olduğu cəzanı alacaq və bu vətənimizi bölmək, parçalamaq, zəiflətmək niyyətində olub xarici qüvvələrə çalışanlara, onların arxasında dayananlara da böyük bir dərs olacaq. Ziyalılarımızın bu mövqeyi də onlara ciddi bir dərs olacaq. Hər dəfə cənub bölgəmizə səfər edəndə insanlarımızda vətənimizin bütövlüyünün qorunması, birliyimiz, Qarabağı azad etmək ruhunu, düşüncəsini görməkdən çox məmnun oluram. Fəxrəddin Abbasov kimi satqınlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Bu vətəni, bu milləti heç kim parçalaya bilməz. Biz birlikdə güclü Azərbaycanıq”.

Qeyd edək ki, Fəxrəddin Fərman oğlu Abbasov Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri ilə şübhəli bilinərək, Səbail rayon məhkəməsinin 14 iyul 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Fəxrəddin Abbasov Rusiyada müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin qərarı ilə deportasiya olunub. 28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Hazırda Fəxrəddin Abbasovun Ermənistana səfərləri, özünün də bildirməsinə görə, Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayıma qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

Satqın və xain Fəxrəddin Abbasovun Rusiyada saxlanılması və Azərbaycana gətirilməsi ölkəmizə qarşı ondan da betər cinayətlər törətmiş Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın və onun kimilərinin də barəsində cinayət işi açılmasının, onların da Rusiya, yaxud da başqa hansısa xarici ölkədə olarkən yaxalanıb gətirilməsinin mümkün olub-olmadığını gündəmə gətirir.

Fazil Mustafa: “Separatçı erməni qatilləri də xarici ölkələrdə tutub gətirə bilək”

Bu barədə “Yeni Müsavat”a açıqlamasında deputat, hüquqşünas Fazil Mustafa bildirdi ki, Azərbaycan dövlətinə və xalqına qarşı qatı cinayətlər törətmiş, bu gün də cinayətlər törətməkdə davam edən erməni serapartçılarının başçısı Bako Saakyan tez-tez Rusiyaya və başqa bəzi ölkələrə səfərlər edir: “Saakyan barəsində cinayət işi açıb onu beynəlxalq axtarışa verib yaxalamaq mümkündür. Dünyada belə təcrübələr var. Məsələn, İsrail Mossadı yəhudi soyqırımında suçlanan insanları, o cümlədən Eyzmanı yaxalayıb Argentinadan gətirmişdi. Azərbaycanın da elə bir kəşfiyyat orqanları formalaşmalıdır ki, separatçı erməni qatilləri də xarici ölkələrdə yaxalayıb gətirə bilək. Bu gün Azərbaycan bu haqqa sahibdir ki, Bako Saakyan kimi separatçıları hətta oğurlayıb gətirsin. Bako Saakyanın və digər separatçıların Azərbaycana qarşı cinayətlər törətməsi faktdır. Azərbaycan onlara cinayət işi açıb hansısa xarici ölkədə yaxalasa, dünya bizə heç nə deməz. Çünki separatçılıqla məşğul olan, əli Azərbaycan xalqının qanına bulaşmış hər kəsi həbs edib gətirib ədalət mühakiməsinə təslim etmək hüququmuz var. Azərbaycan bu istiqamətdə iş aparmalıdır”.

Qabil Hüseynli: “Azərbaycan xüsusi hüquqi mexanizmlər vasitəsilə buna nail ola bilər”

Politoloq Qabil Hüseynli isə bildirdi ki, ötən ilin ikinci yarısında Bako Saakyan ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransaya ard-arda səfər etmişdi: “O zaman Bako Saakyanın Moskvaya səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat da yayıb. Bəyan edilirdi ki, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin ”rəhbəri"nin bu səfərləri, qanunsuz rejim nümayəndəsinin bu ölkələrin ərazisinə daxil olmasına icazə verilməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir. Qanunsuz qurumun “rəhbərinin” ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Bu cür etiraz bəyanatı siyasi baxımdan təbii ki, lazım idi. Lakin bu bəyanatların təsir gücünün yetərli səviyyədə olması üçün Azərbaycan hüquqi addımlar da atmalıdır. Azərbaycan hüquq-mühafizə orqanları Bako Saakyana və Dağlıq Qarabağdakı digər separatçılara qarşı cinayət işi açmalıdır. Sonra isə necə ki, Fəxrəddin Abbasovun barəsində beynəlxalq axtarış vermişdi, Rusiyaya müraciət edilmişdi, Bako Saakyanın da barəsində eyni hüquqi prosedurlar başlanmalıdır. Çünki Saakyanın əməlləri Azərbaycan dövlətçiliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı əməllərdir. Odur ki, məhkəmə qərarı çıxarılmalıdır və həmin qərar əsasında biz istənilən dövlət qarşısında, o cümlədən Rusiya qarşısında məsələ qaldıra bilərik. Yəni Bako Saakyanın o cür səfərlərinin qarşısını siyasi bəyanatlarla deyil, hüquqi çərçivədə addımlar atmaqla ala bilərik. Azərbaycan həm İnterpol vasitəsilə, həm də MDB vasitəsilə xüsusi hüquqi mexanizmlər vasitəsilə bunu edə bilər. Bako Saakyan əvvəllər də Rusiyaya və digər ölkələrə səfər edib, hər halda bundan sonra da səfərlər edəcək. Biz ən azından onun səfər etdiyi ölkələrdə heç bir şəkildə qəbul edilməməsi üçün hüquqi addımlar atmalıyıq. Hüquqi addım isə ona cinayət açıb, beynəlxalq axtarışa verməkdi. Qanunun gücünü tətbiq eləməliyik".

Diqqət çəkən əsas məqamlardan biri də ermənilərin Fəxrəddin Abbasovun həbsindən keçirdikləri narahatlıq və onun həbsinə reaksiyalardır. Publika.az xəbər verir ki, Ermənistan mediası F.Abbasovun müdafiəsinə qalxıb. Ermənilər F.Abbasovun həbsini milli ayrı-seçkilik, Azərbaycanda milli azlıqlara təzyiq olunması, onların hüquqlarının məhdudlaşdırılması nümunəsi kimi təqdim etməyə çalışır və kampaniya aparırlar. Ermənistanın Lragir.am saytı da F.Abbasovu xüsusi müdafiə edənlər sırasındadır. Sayt separatçı agentin həbsinə görə Rusiyanı da ittiham edib. Eyni iddialarla Ermənistanın digər əsas media orqanları da çıxış edib. Hətta onlar F.Abbasovu “alim”, “siyasi lider” kimi təqdim etməyə çalışırlar.

Bütün bunlar bir daha təsdiqləyir ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı parçalamaq üçün Fəxrəddin Abbasov və onun kimi xainlərdən istifadə edir. Eyni zamanda, ermənilərin Fəxrəddin Abbasovun müdafiəsinə qalxması Azərbaycan hüquq mühafizə orqanlarının onu barəsində cinayət işi açıb həbs etdirib ölkəyə gətirməsində tamamilə haqlı olduğunu bir daha təsdiqləyir.

F.Abbasov hazırda Hollandiyada yaşayan digər vətən xaini Ələkrəm Hümbətovun Azərbaycanı bölmək planlarının aktiv iştirakçısıdır. Onun həbsinə Ə.Hümbətovun reaksiyası da bunu sübut edir. Ə.Hümbətov da ermənilər kimi Azərbaycanda milli azlıqlara hücum iddialarını uydurur. Bu vətən xaininin F.Abbasovun həbsi ilə bağlı son bəyanatının Ermənistan KİV-i tərəfindən tirajlanması da bütün proseslərin arxasında erməni xüsusi xidmət orqanlarının dayandığına şübhə yeri qoymur.

Fəxrəddin Abbasovun barəsində açılan cinayət işinin maddələrinə, internetdə axtarış verib zaman-zaman etdiyi çıxışlara nəzər saldıqda onun əslində kim olduğu aydın olur. Onun çıxışları, bəyanatları, hərəkətləri dövlət əleyhinə yönələn açıq çağırışlar, milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılmasıdır. Elə bu səbəbdən də həmin əməllərinə görə ittiham olunur.Azadpress.az musavat.com-a istinadən


bottom of page