“Təhsil qışda isti, yayda sərin kabinetdə kresloda oturmaqla idarə edilmir. Mütəmadi şəkildə zəif nəticələr göstərən, şagird və müəllim münasibləri düzgün olmayan məktəblərdə yoxlamalar aparılmalıdır”.
Son zamanlar təhsil müəssisələrində, əsasən, məktəblərdə şagird və müəllim, yaxud da direktor arasında davaların baş verdiyi mətbuatda yer alır.
Belə xoşagəlməz hadisələrin ortaya çıxmaması üçün Təhsil Nazirliyi hansı addımlar atmalıdır? Ümumiyyətlə, şagird müəllim və ya şagird direktor münasibətləri necə tənzimləməlidir? Baş verən davalara dövlət qurumunun reaksiyası necə olmalıdır?
Minval.info məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.
K.Əsədovun sözlərinə görə, təhsil sahəsində son illər həyata keçirilən islahatlar, uğurlu addımları təkcə qəbul imtahanının nəticələri ilə bağlı artımda görürük: “Təəssüf ki, bu, keyfiyyətdə deyil, yalnız kəmiyyətdə özünü göstərir. Keyfiyyət deyəndə, şagirlərin bilik və bacarıqlarının monitorinqdə artımı və yaxud ictimai həyatda fəaliyyətini və uğurunu nəzərdə tuturuq ki, bunları görmürük. Müəllim və dirktorlarla şagirlərin münasibəti çox bərbad hala gəlib çıxıb. Bu onu göstərir ki, orta məktəb rəhbərlik edən bəzi direktorlar öz fəaliyyətlərini yalnız şəkil çəkib paylaşmaqla bitmiş hesab edirlər. Onlar rəhbərlik etdikləri qurumda 2tərbiyəni, milli adət-ənənənin təbliğində, şagirdlər arasındakı münasibətlərin normallaşmasında maraqlı deyillər”.
Eskpert bunu belə izah edir ki, direktorların sözügedən sahə üzrə bilik və bacarıqları yoxdur, onlar özlərində olmayan bir xüsusiyəti başqasına verə bilməzlər: “Əslində, son beş il ərzində aparılan islahatlar nəticəsində məktəb direktorları şəffaf yolla seçilməyə başlayıb. Amma bu, keyfiyyət artımı demək deyil. Yəni kimsə test əzbərləyərək imtahandan keçir və vəzifəyə təyin olunur. Onun bacarıqları, psixologi halı və s. məlum deyil”.
Kamran Əsədov bildirib ki, təhsil müəssisələrində baş verən davalarda Təhsil Nazirliyi sadəcə, seyirçi mövqeyində qalır: “Qurum hadisələrə birbaşa müdaxilə etmir. Nazirliyin regionlarda və Bakı şəhərində məktəblərə getdiyinin şahidi olmuruq. Düzdür, Prezidentin sərəncamına görə, bütün nazirlər regionlarda vətəndaşları qəbul edirlər. Bu da müəyyən çərçivədə həyata keçirilir və müxtəlif bəhanələrlə hamını qəbul etmirlər. Yəni nazirlik birbaşa təhsil prosesinin işinin içində deyil. Onlar mütəmadi olaraq zəif nəticələr göstərən, şagird və müəllim münasibləri düzgün olmayan məktəblərdə yoxlamalar aparmalıdır. Yəni təhsil qışda isti, yayda sərin kabinetdə kresloda oturmaqla idarə edilmir”.
Mütəxəssis qeyd edib ki, vəziyyət heç də yaxşı səviyyədə deyil və yalnız məktəb açılışları ilə iş bitmir:“Baxırıq belə tədbirlərdə şagird gözə dəymir. Yaxud da maket olaraq qarşıda kimsə alqışlayır və gedir. Problemdən çıxış yolu odur ki, hadisənin baş verdiyi yerə birbaşa nazirliyin rəhbərliyi getməlidir. Məktəbdə şagirdlərlə, müəllimlərlə, valideynlərlə görüşlər təkşil edilməlidir”.Azadpress.az