Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Azad press.az-a verilən məlumata görə, Komitə təmsilçilərinin keçirdiyi monitorinqin nəticələrinə dair hesabatın rəhbərlik etdiyi qurum tərəfindən diqqətlə öyrənildiyini deyən nazir insan hüquqlarının təmin olunması işinin səmərəliyinin artırılmasına yönələn tövsiyələrin icrasına başlanıldığını xatırladıb və sənəddə əksini tapan digər məqamlara toxunub. O, saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı hesabatda göstərilən xüsusatlara aydınlıq gətirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini, bununla əlaqədar 1 əməkdaşın DİO-da xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.
Nazir bildirib ki,monitorinqlər zamanı aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində ölçü götürülüb.