Fövqəladə hallar naziri Kamaləddin Heydərov FHN-nin hərbi hissələrinə paylanılan qalmaqallı kitabın müəllifini işdən azad edib.
Azadpress.az xəbər verir ki, iddiaya görə, polkovnik-leytenant Əbülfəz Kazımovun seksual sətirlər olan kitabı nazirin əlinə keçib və FHN şefi əsəbləşib.
Müəllifin "Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” kitabında seksual mövzuya toxunması cəzalanması ilə nəticələnib.
Məlumata görə, K.Heydərov Ə.Kazımovu FHN-dən uzaqlaşdırıb. Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb.
Maşın və mühərrik haqda olan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.
Kitabın səhifələrindən birində müəllif yazıb: "Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar”.
Daha sonra müəllif yazır: ”40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular”.
Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: "Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi?
Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ”istəyirsən cavan qalasan, bakirə qızla evlən”. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?”.Qaynarİnfo.az