“Sehirli Xalat” filmindəki Rəşid obrazını xatırlamayan tapılmaz. Həmin rolun ifaçısı, sovet dövrünün uşaqlarının pərəstiş etdiyi əfsanəvi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır.
Aktyor hələ 1957-ci ildə - 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Amma qeyd etməliyik ki, aktyorun ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.Hazırda Amerikada yaşayan Azər Qurbanov müsahibəsində illər sonra bir sıra məqamlara aydınlıq gətirib: -Azər bəy, Azərbaycan dilində danışa bilirsiniz? -Mənim anam azərbaycanca danışırdı. Amma mən Azərbaycan dilində danışa bilmirəm, sadəcə başa düşürəm. Qeyd edim ki, Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində təhsil almışam.
-Evdə rus, yoxsa ingilis dilində danışırsınız?
-Sovet dövründə xeyli rus məktəbləri var idi. Ona görə də Bakıda ailələrin çoxunda rus dilində danışırdılar. Mən yalnız bir il Azərbaycan dilində təhsil almışam. Bütün həyatım boyu rus dilində danışıb, təhsil almışam. 8 il Moskvada oxumuşam. Həmçinin Sankt-Peterburq, Odessada yaşamışam. Bakıda isə ümumilikdə həyatımın 10 ili keçib. Hesab edirəm ki, bu gün Azərbaycanda xeyli insan ingilis dilində danışır.
- Bakını necə xatırlayırsınız?
- Bakını, Azərbaycanı sevirəm. Hər şeyi yaxşı xatırlayıram. Hər gün Bakı, Azərbaycan, xalqımız haqqında düşünürəm. Bakı dünyanın ən yaxşı şəhəridir. Sovet dövründə Bakıda bir çox millətlərin nümayəndələri yaşayırdılar. Ruslar, yəhudilər, azərbaycanlılar birlikdə mehriban idilər. Bakı beynəlmiləl və çox gözəl şəhərdir.
- Azərbaycanı niyə tərk etdiniz?
- Mən yenidənqurma vaxtı ABŞ-a köçdüm. Qarabağ münaqişəsi yenicə başlayırdı, bir sıra problemlər var idi. Məni ABŞ-a dostlarım dəvət etdilər. ABŞ-a gəldiyim vaxt orada qalacağımı düşünmürdüm. Bir ay sonra anam Bakıdan zəng etdi və dedi ki, Bakıya qayıtma. Mən bu barədə çox düşündüm. Doğurdan da geri qayıtmaq istəyirdim, lakin alınmadı. Bakıya gəlməməyimin səbəbi budur. Mən 25 ildən çoxdur ki, burada yaşayıram. Sizə demək istəyirəm ki, ABŞ elə də yaxşı ölkə deyil. Bu, yanlış fikirdir. Burada bır sıra problemlər var.
- Hansı problemləri nəzərdə tutursunuz?
- Birləşmiş Ştatlar çox varlı ölkədir. Lakin insanların yaşayışı o qədər də yaxşı deyil. Hesab edirəm ki, hazırda mənim ölkəmdə vəziyyət buradan yaxşıdır. Burada bəzi insanlar varlıdır, lakin əhalinin böyük əksəriyyəti varlı deyil. Bu, yaxşı hal deyil.Burada hər şey çox bahadır. Nəsə almaq üçün gərək hər gün işləyəsən. Mən Azərbaycanı xatırlayıram, ora üçün darıxıram. Azərbaycan mənim doğulduğum yerdi.
- Bakıya gəlməyi düşünürsünüzmü?
- Bəli, Bakıya gəlməyi düşünürəm. Ola bilsin ki, gələn il Bakıya gəldim. Çünki bacım orada yaşayır. Bakı hazırda çox dəyişib, əvvəlkindən daha də qəşəngdir. Bakı haqqında filmlərə, fotolara baxmışam. Mən İngiltərə, Almaniya, İspaniya, İtaliya, Albaniya, keçmiş Yuqoslaviyada olmuşam. Mənə inanın, Bakı bu ölkələrin şəhərlərindən gözəldir.
- Bakıda ən çox nə üçün darıxmısınız?
- Bakı üçün çox darıxmışam. Mənim anam, bütün ailəm Gəncədə doğulub. Oraları görmək istəyərəm. Anam beş il əvvəl vəfat edib və ABŞ-da dəfn olunub.
- “Sehrli Xalat”ı, Rəşidi necə xatırlayırsınız?
- Hər şeyi yaxşı xatırlayıram. Filmdə çəkilməyə dəvət olunanda 11 yaşım var idi. Rejissor Atakişiyev məni bu filmə dəvət etdi. Bu, təxminən 50 il əvvəl baş versə də, mən hər şeyi çox yaxşı xatırlayıram.
- “Sehrli Xalatı,” Rəşidi sevənlərə nə demək istəyərsiniz?
- Mən onları öpürəm. Mən ölkəmi, xalqımı sevirəm. Azərbaycana gələndə onları öpmək istəyirəm.
– Hazırda nə işlə məşğul olursunuz?
- Mənim balaca biznesim var. Satış işi ilə məşğul oluram. İnternet üzərindən online dükanım fəaliyyət göstərir. Mənim “ebay” və “Amazon”da dükanlarım var və malları Çindən alıb, ABŞ-da satıram. Həmçinin tibbi daşımacılıqla bağlı şirkətim də var. Şirkət fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edir. Böyük şirkət deyil, lakin məni qane edir.
- Ailəniz haqqında bilmək istərdik...
-Atam uzun müddət əvvəl vəfat edib. Anam isə ABŞ-da dünyasını dəyişib. Mən burada yalnız anamla birgə yaşamışam. Bacım və qardaşım Bakıda yaşayır.
- Ailə həyatı qurmusunuzmu?
- Bəli, evliyəm. Bir oğlum var. Onun 34 yaşı var.
AzVision.az