top of page

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan xalqının qədim bayramlarından olan Novruzun xalqları, müxtəlif dinlərin, irqlərin nümayəndələrini bir-birinə daha da yaxınlaşdırdığını deyib. Bildirib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 2010-cu ildən isə BMT Baş Assambleyasının qərarı ilə hər il 21 mart Dünya Novruz Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin əməkdaşları, AMEA-nın alimləri, ölkəmizdə fəaliyyət göstərən etnik və dini icmaların rəhbərləri, “Multikulturalizm” jurnalının redaksiya heyəti və Yaradıcılıq Fondunun nümayəndələrinin iştirak etdiyi bayram tədbirini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov açaraq qonaqları Novruz bayramı münasibətilə təbrik edib. Etibar Nəcəfov Novruz bayramının Azərbaycan xalqının əziz və əlamətdar bayramlarından olduğunu deyib. Novruz bayramı etnik, dini icmaların nümayəndələri, ölkəmizdə yaşayan müxtəlif xalqlarla birlikdə keçirilir. Azərbaycan xalqı üçün bu ənənə halını alıb. Lakin başqa ölkələrdə belə tədbirlərin keçirilməsi qeyri-mümkündür. Məlum olduğu kimi, Yaxın Şərq ölkələrində, Şimali Afrikada etnik, dini zəmində münaqişələr baş verir. Şöbə müdiri Bakıda keçirilən VI Qlobal Forumun əhəmiyyətindən də söhbət açıb. Bildirib ki, Forumda çıxış edənlər Azərbaycanın multikulturalizm ənənələrini, müxtəlif konfessiyaların nümayəndələrinin bir ailə kimi dinc yanaşı yaşamasını yüksək qiymətləndiriblər.Etibar Nəcəfov Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən nəsilə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb. Novruzu bəşəriyyət üçün önəmli bayramlardan biri kimi səciyyələndirib və BBMM-də bu tədbirin ənənəvi olaraq etnik qrup və dini icmalarla birgə təşkil edilməsini möhkəm əməkdaşlıq nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək deyib ki, Novruz bayramı ulu öndər Heydər Əliyevin Sərəncamı ilə rəsmi milli bayram kimi qeyd olunur. Bildirib ki, Novruz bayramının fəlsəfəsi bərabərliklə izah olunur. Bu bərabərlik insanları birləşdirir. AMEA Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, akademik Möhsün Nağısoylu Novruz bayramının ən qədim bayramlardan olduğunu, yazın gəlişindən xəbər verdiyini bildirib. Novruz təravətlilik, təbiətin oyanışı, sülh və rifah arzularımızın yeniləndiyi bir andır. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, talış icmasının rəhbəri, ədəbiyyatşünas alim İmamverdi Həmidov, “Azəri” Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov, “Samur” ləzgi milli mərkəzinin nümayəndəsi İmran Rzayev çıxışlarında bildiriblər ki, Novruz bayramı həmrəylik, qardaşlıq, dostluq bayramıdır. Azərbaycanda müxtəlif xalqlar və fərqli dinlərə etiqad edənlər qardaş kimi mehribanlıq şəraitində birgə yaşayırlar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara, həmçinin müxtəlif konfessiyaların öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək, yaşatmaq üçün yüksək səviyyədə şərait yaradılıb”. Bildirilib ki, Novruz bayramı bundan sonra da həmrəylik, qardaşlıq, dostluq bayramı olaraq müxtəlif xalqların və fərqli dinə etiqad edən konfessiyaların qardaşcasına bir arada yaşadığı ölkəmizdə Azərbaycan xalqını dövlətimiz, Prezidentimiz ətrafında sıx birləşdirəcək.Azadpress.az


bottom of page