Bir sıra xarici ölkələrdə olduğu kimi, son dövrlər Azərbaycanda da modul tipli məktəblərin quraşdırılmasına başlanılıb. İnşası asan və məsrəfləri nisbətən az olduğundan ucqar kənd ərazilərində belə məktəblər quraşdırılır.
Azadpress.az Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modul tipli məktəblərlə bağlı mətbuata açıqlamasını təqdim edir:
- Modul tipli məktəblər hansı prinsiplər əsasında seçilir və quraşdırılır?
- Azərbaycanın müxtəlif bölgələrində istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan, azkomplektli məktəblər modul tipli məktəblərlə əvəz olunur.
- Bu tip məktəblərin əsas üstünlükləri hansılardır?
-Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, həmçinin qısa müddət ərzində istənilən relyefdə quraşdırılmasıdır. Bu məktəblərin asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılması da bu üstünlüklər sırasındadır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir. Gələcəkdə zərurət yaranarsa, məktəblərin binasının daha da genişləndirilməsi mümkündür. Digər bir üstünlüyü də odur ki, belə məktəblərə qışda istiliyin verilməsi ilə bağlı problemləri qısa zamanda aradan qaldırmaq mümkündür. Ötən il 100-dən artıq modul tipli məktəb inşa olunub. 2018-ci ildə isə daha 137 məktəbin quraşdırılması nəzərdə tutulub.
- Hazırda quraşdırılan modul tipli məktəblər təhsilin modernləşməsi baxımından nə dərəcədə məqsədəuyğundur?
- Sözügedən məktəblərin quraşdırılması zamanı texniki təchizatın infrastruktur baxımından modern olması və s. tələblər nəzərə alınıb. Burada uşaqlara kompüterlərdən istifadə üçün texniki imkanlar da mövcuddur.
- Belə məktəblərin quraşdırılması üçün yerli resurslardan nə dərəcədə effektiv istifadə olunur?
- Modul tipli məktəblər quraşdırılarkən əsasən Azərbaycan istehsalı olan tikinti materiallarından istifadə olunur. Məktəblərin quraşdırılmasına xeyli sayda işçi qüvvəsi cəlb olunur.
Belə məktəblərin quraşdırılması ilə bağlı müxtəlif strukturların nümayəndələri cəlb olunmuş komissiya zərurəti qeydə alır və bununla bağlı olaraq ayrı-ayrı bölgələrdə olurlar. Ərazidə müxtəlif araşdırma işləri aparılır. Həmin ərazidə modul tipli məktəbin quraşdırılması zəruridirsə, təhlillər aparıldıqdan sonra məktəbin quraşdırılmasına qərar verilir.
- Müxtəlif bölgələrdə yeni məktəblərin tikilməsi yerinə modul tipli məktəblərin quraşdırılmasını necə izah etmək olar?
- Əgər hansısa ucqar dağ kəndində cəmi 18, 22 yaxud 30 şagird varsa, məktəb azkompleklidirsə və ərazidə daha böyük məktəb tikmək əlverişli deyilsə, bu zaman modul tipli məktəblərin quraşdırılması daha məqsədəuyğun hesab olunur.
- Quraşdırılan məktəblər hansı müddət üçün nəzərdə tutulur?
- Məktəblər əsasən binanın istismar müddəti nə vaxta qədər hesablanıbsa, o dövr üçün fəaliyyət göstərir. Sözügedən məktəblərdə uşaqların normal şəraitdə təhsil alması üçün hər cür şərait yaradılıb. Bu məktəblər heç də bizim öyrəşdiyimiz daşdan inşa olunan binalardan geri qalmır.Azadpress.az Axar.az