Mürsəl Eldaroğlu: Azərbaycan iqtisadiyyatının inkişafının daimiliyini təmin etmək üçün dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmaq lazımdır.
Azadpress.az-ın tanınmış iqtisadçı Mürsəl Eldaroğlu ilə müsahibəsini təqdim edirik.
Mürsəl müəllim bir iqtisadçı kimi, Azərbaycanda 2017-ci ili iqtisadi baxımdan necə səciyyələndirirsiz?
İqtisadi baxımdan 2017-ci ili Azərbaycanda 2014-cü ildən başlayaraq qlobal siyasi, iqtisadi proseslərin təsiri ilə baş verən iqtisadi geriləmədən iqtisadi inkişafa keçid ili kimi qiymətləndirmək mümkündür. Bu hal təsadüfi deyil, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sferalarında aparılan islahatların nəticəsində baş vermişdir. Ümumilikdə, götürdükdə hər bir tərəqqinin kuliminasiya nöqtəsi tənəzzülün başlanğıc nöqtəsidir, hər bir tənəzzülün son nöqtəsi isə insan fəaliyyətindən asılı olaraq tərəqqinin başlanğıc nöqtəsi ola bilər. Əmək fəaliyyəti daima yaratmaq və inkişaf etdirmək prinsipinə əsaslanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tənəzzülün son nöqtəsini tərəqqinin başlanğıc nöqtəsinə çevirməyi bacaran şəxsiyyətdir.
Mustafayev Mürsəl Eldar oğlu 1975-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun (hal-hazırda ADİU) “İnformatika və İdarəetmə” fakultəsinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə ali təhsil almışdır. Neft və qaz sektorunda, bank sektorunda, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “Xarici iqtisadi əlaqələr” şöbəsində işləmişdir. Hal-hazırda özəl şirkətdə işləyir. 2015-ci ildə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olub. İqtisadiyyatın aktual məsələlərinə aid elmi və qəzet məqalələri çap olunmuşdur. Elektron kütləvi informasiya vasitələrində Azərbaycanda qeyri-neft sektorunun inkişaf yolları, dünya bazarında neftin qiymətinin proqnozlaşdırılması, dünyanın güc mərkəzləri, Avropadakı böhranın yaranma səbəbləri və həlli yolları, ərəb baharının yaranma səbəbləri və s. mövzularda çıxışları var.
İqtisadiyyatın hər hansı bir sahəsində aparılan islahatdan sonra həmin sahədə yenidən islahatların həyata keçirilməsinə ehtiyac varmı?
İdarəetmənin statik deyil, dinamik olması islahatların ardıcıllığını şərtləndirən əsas amillərdən biridir. Bir faktı da xüsusilə qeyd etmək istəyirəm ki, islahatların nəticəsinin uğurlu olmasının əsas hərəkət verici qüvvəsi əhalidir. Ona görə də islahatların nəticəsinin idarəetmənin sosial psixioloji metodundan istifadə edərək əhali arasında təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən iqtiadi islahatlar əsasən qeyri-neft sektorunun inkişaf etdirilməsinə istiqamətləndirilib. Kənd təsərrüfatının, sənaye sahələrinin, turizmin və sairə sahələrin inkişaf potensialı və göstəriciləri Azərbaycan iqtisadiyyatının inkişafının daimiliyinə zəmin yaradır.
İqtisadiyyatın inkişafının daimiliyini təmin etmək üçün nə lazımdır?
Azərbaycan iqtisadiyyatının inkişafının daimiliyini təmin etmək üçün dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmaq lazımdır. Xüsusilə də özəl sektorda fəaliyyət göstərən müəssisələrin dayanıqlığının mütəmadi olaraq yoxlanılması və dayanıqlığın təmin olunması istiqamətində tədbirlər görülməsi strateji əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı dayanıqlı və davamlı iqtisadi inkişafa doğru düşüncəsi ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün elmi, maddi və fiziki cəhətdən imkanları daxilində öz köməyini əsirgəməməsi nəticəsində Azərbaycan iqtisadiyyatınin inkişafının daimiliyini təmin etmək olar.
Dünyanın istəlinən ölkəsində iqtisadi islahatların həyata keçirilməsi prosesi ilə əlaqədar fikir müxtəlifliyi mövcuddur. İqtisadi islahatların dəyərləndirilməsi meyarı nədir?
İstəlinən ölkədə iqtisadi islahatların qiymətləndirilməsi zamanı əsas meyar həmin islahatların əhalinin sosial-rifah halına necə təsir etməsidir. İslahatların nəticəsi əhalinin sosial-rifah halına müsbət istiqamətdə təsir edirsə, deməli islahatlar uğurlu həyata keçirilib. Yox əgər islahatların nəticəsi əhalinin sosial-rifah halına müsbət istiqamətdə təsir etmirsə, o halda islahatları uğursuz hesab etmək olar. Əsasən iqtisadi islahatlar son nəticə olaraq dövlət büdcəsinin artımında öz əksini tapır. İstəlinən ölkənin dövlət büdcəsində əgər əvvəlki illə müqayisədə artım varsa, deməli o ölkədə həyata keçirilən iqtisadi islahatlar uğurludur.
Sizin KİV-də iqtisadi mövzuda olan çıxışlarınızla yanaşı siyasi mövzuda da çıxışlarınız mövcuddur.Mediadakı çıxışlarınızda İsrailin Azərbaycanın qüdrətlənməsini ən çox arzulayan ölkə olduğunu demisiz. Artıq həmin dövrdən 6 ilə yaxın bir müddət keçib.Yenə bu fikirdəsiz?
Mən bu gün də Azərbaycanın iqtisadi, siyasi, hərbi cəhətdən qüdrətlənməsini ən çox arzulayan ölkənin İsrail dövləti olması fikrindəyəm. Mənim fikrimcə, Azərbaycan dövləti ilə İsrail dövləti arasında iqtisadi, siyasi, hərbi cəhətdən əlaqələrin inkişafı hər iki dövlətin maraqlarına uyğundur. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti ilə İsrail dövləti arasında iqtisadi, siyasi, hərbi cəhətdən əlaqələrin inkişafı Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi baxımdan strateji əhəmiyyətə malikdir. Azərbaycan dövləti ilə İsrail dövləti arasında olan dostluq münasibətləri dayanıqlıdır və bu dostluğun davamlı olaraq möhkəmlənəcəyinə inanıram.
2015-ci ildə Milli Məclisə seçkilərdə deputatlığa namizəd olmusunuz. Milli Məclisə seçkilər zamanı millət vəkili olacağınız təqdirdə Dağlıq Qarabaq münaqişəsinin haqq ədalət prinsipinə əsaslanaraq həll olunması məqsədilə Milli Məclisdə İsrail dövlətinin vasitəçiliyi ilə Ermənistanla danışıqların aparılmasına başlanılmasını təklif edəcəyinizi bildirmişdiniz. Bu fikriniz haqqında oxuculara nə deyə bilərsiniz?
Dağlıq Qarabaq münaqişəsinin haqq ədalət prinsipinə əsaslanaraq həll olunması Azərbaycanın ən böyük uğuru olacaq. Dağlıq Qarabaq münaqişəsinin həll olunması iki yolla mümkündür: hərbi yol ilə və yaxud siyasi danışıqlar yolu ilə. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi sahədə aparılan islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir. Azərbaycan ordusu Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün işğalçı Ermənistan ordusunu məğlub etmək iqtidarındadır. Siyasi danışıqlar yolu ilə Dağlıq Qarabaq münaqişəsinin həll prosesi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həyata keçirilməkdədir. Lakin, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə haqq ədalət prinsipinə əsaslanaraq həll olunması iki amilə görə sual altındadır.Birincisi,Cənubi Qafqaz dünyanın siyasi-hərbi güc mərkəzlərinin istər iqtisadi, istərsə də geo-siyasi baxımdan maraqlarının toqquşduğu məkan olduğundan dünyanın siyasi-hərbi güc mərkəzlərindən hər hansı birinin digərinə görə öz marağını güzəştə gedəcəyi müzakirə predmetidir. İkincisi, erməni lobbisinin dünyanın siyasi-hərbi güc mərkəzləri olan dövlətlərdə müəyyən təsir etmə imkanına malik olması. Məhs ona görə də 2015-ci ildə Milli Məclisə seçkilər zamanı millət vəkili olacağım təqdirdə Dağlıq Qarabaq münaqişəsinin haqq ədalət prinsipinə əsaslanaraq həll olunması məqsədilə Milli Məclisdə İsrail dövlətinin vasitəçiliyi və dünyanın siyasi, hərbi güc mərkəzlərinin iştirakı ilə Ermənistanla danışıqların aparılmasına başlanılmasını təklif edəcəyimi bildirmişdim.
Niyə görə məhs İsrail dövləti?
Birincisi, hər hansı bir münaqişənin həlli prosesində vasitəçilik etmək iqtidarında olan dünyanın güclü dövlətləri arasında İsrail dövlətinin Azərbaycan dövlətinə qarşı ən çox həqiqi və səmimi dost münasibəti bəsləyən ölkə olduğuna görə. İkincisi, Dağlıq Qarabaq münaqişəsinin sülh yolu ilə haqq ədalət prinsipinə əsaslanaraq həll olunması üçün ilk növbədə dünyada mövcud olan erməni lobbisinin münaqişənin haqq ədalət prinsipinə əsaslanan həlli prosesinə mənfi təsirinin qarşısını almaq lazımdır. İsrail dövlətinin vasitəçi olacağı danışıqlarda erməni lobbisinin münaqişənin haqq ədalət prinsipinə əsaslanan həlli prosesinə mənfi təsir göstərmə imkanı ola bilməz.
Milli Məclisə növbəti seçkilər zamanı namizədliyinizi yenidən irəli sürəcəksinizmi?
İlk öncə Milli Məclisə növbəti seçkilərə qədər yaşamaq lazımdır. Milli Məclisə növbəti seçkilərə qədər yaşamağı Allah mənə nəsib etsə, artıq seçki prosesini tam olaraq bildiyim üçün qalib gəlmək imkanlarımı hər tərəfli təhlil etdikdən sonra Milli Məclisə növbəti seçkilərdə iştirak edib və yaxud etməyəcəyim haqqında qərar qəbul edəcəyəm. Hal-hazırda bu sual haqqında konkret fikir bildirmək tezdir.
2017-ci ilin siyasi xülasəsinə nəzər saldıqda ABŞ prezidentin Donald Trampın Qüds məsələsindəki mövqeyi birmənalı qarşılanmadı. Sizin bu qərara münasibətiniz necədir?
Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın Qüds məsələsi ilə qərarını tarixi ədalətin bərpası kimi qiymətləndirirəm. Qüds əsas monoteist dinlərin tarixi dini abidələrinin mövcud olduğu və həmin abidələrin bu günə qədər qorunub saxlanıldığı şəhərdir. Bu faktı nəzərə alaraq, mənim fikrimcə Qüds şəhərində dövlət başçılarının və dini rəhbərlərin iştirakı ilə əsas monoteist dinlərin beynəlxalq həmrəylik konfransının keçirilməsi və konfransın keçirilməsi tarixini dünyada rəsmi olaraq əsas Monoteist Dinlərin Həmrəylik günü kimi qeyd olunması dinlər arası dialoqun inkişafına öz töhfəsini vermiş olar.
Müasir dövrdə dünyada tolerantlığa böyük ehtiyac var. Bir fakti da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili siyasət nəticəsində Azərbaycan tolerantlıq baxımdan nümunəvi dövlətdir.
Müstəqil ekspertlər mətbuatda tez-tez Azərbaycanın hansı istiqamətə inteqrasiya olunması haqqında müxtəlif fikirlər söyləyirlər. Sizin də fikrinizi bilmək maraqlı olar.
Müasir dünyada əksər dövlətlərin xarici siyasətində əsasən tərəfdaşlıq prinsipi hakim olduğu dövrdə Azərbaycanın xarici siyasətinin əməkdaşlıq prinsipinə əsaslanması balanslaşdırılmış xarici siyasətin təzahürüdür. Bu hal isə son nəticədə Azərbaycanın xarici siyasətindəki uğurudur. Mənim fikrimcə, nə şimala, nə də qərbə, nə də ki, cənuba doğru. İsrail dövləti ilə strateji müttəfiqlik şəraitində balanslaşdırılmış xarici siyasət ilə gələcəyə doğru getmək Azərbaycanda siyasi, iqtisadi sabitliyin qorunub saxlanılmasına, xarici siyasətdə yeni-yeni uğurlar qazanılmasına xidmət etmiş olar.