top of page

Zaqatalada hazırlanan bu maddənin bir litri 12000 avrodur!


Zaqatalanın Aşağı Tala kəndi ərazisində inşası başa çatdırılan “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsi gələn ildən etibarən məhsul istehsalına başlayacaq.

Azadpress.az Fed.az-a istinadən xəbər verir ki,müəssisənin xammala olan tələbatını ödəmək məqsədilə ötən ilin oktyabr-noyabr aylarında Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında rayonun Aşağı Tala kəndi ərazisində 82 hektarda “Dəməşq qızılgülü” və 25 hektarda “Lavanda” gülü növləri üzrə gül plantasiyaları salınıb. Plantasiyalarda Bolqarıstandan gətirilmiş tinglər əkilib. Bu plantasiyalardan ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub.

Bu günlərdə həmin ərazidə daha 10 hektar sahədə “Lavanda” gülü plantasiyasının salınması işlərinə başlanılıb və gül əkini artıq başa çatıb. Yaxın günlərdə əlavə 68 hektar sahədə “Dəməşq qızılgülü” plantasiyasının salınmasına başlanılacaq.

Müəssisənin aqronomu, Türkiyədən dəvət olunmuş mütəxəssis Metin Sökmən müsahibəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, keçən il əkilmiş “Dəməşq qızılgülü” kollarından 2018-ci ildə 100 tonadək qızılgül ləçəyinin toplanması proqnozlaşdırılır. Ondan 30-35 litr gül yağı istehsal etmək mümkün olacaq. Bundan əlavə, ötən il salınmış “Lavanda” gülü plantasiyasından isə gələn il 10 ton gül ləçəyinin yığılması gözlənilir. Həmin məhsuldan 200 litr gül yağının istehsalı planlaşdırılır. Müəssisədə istehsal olunacaq gül yağları “AzRose” adı ilə xarici bazarlara çıxarılacaq.

Xatırladaq ki, 2016-cı ildə dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min, 1 litr “Lavanda” yağının qiyməti isə 100-130 avro təşkil edib. Gül yağlarından müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində geniş istifadə olunur.Türkiyəli mütəxəssisin dediyinə görə, gül plantasiyalarının salınması işinə hər gün 50-60, bəzi günlərdə isə 100 nəfərədək yerli işçi qüvvəsi cəlb edilir.Azadpress.az


bottom of page