top of page

“Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfransda maraql


Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azadpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Milli Məclisin deputatları və aidiyyəti dövlət orqanlarının əməkdaşları, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının rəhbərləri, AMEA-nın Qafqazşünaslıq, Hüquq və İnsan Haqları institutlarının aparıcı elmi işçiləri, İsrail, ABŞ və Böyük Britaniyadan olan siyasi təhlilçilər, jurnalistlər və tədqiqatçılar iştirak ediblər. Bundan başqa, Azərbaycan Alban-Udi Xristian İcmasının üzvləri, yerli və xarici KİV-lərin nümayəndələri də tədbirə qatılıblar.

Konfrans iştirakçıları əvvəlcə Dövlət Komissiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov konfransı açaraq onun məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.

İsmayıl Axundov deyib ki, yüzilliklər boyu Azərbaycanda məskunlaşan müxtəlif mədəniyyətlərə və dini etiqadlara mənsub xalqlar sülh və əmin-amanlıq şəraitində, dinc, yanaşı yaşayıb, aralarında heç bir ayrı-seçkilik olmayıb. Ölkəmizdə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın son illərdə bu sahədə gördüyü işlər nəticəsində Azərbaycan mədəniyyətlərarası dialoq, dünya mədəniyyətinin və sivilizasiyaların qarşılıqlı təsir məkanına uğurlu transformasiya olunub.

Dövlət Komissiyasının katibi qeyd edib ki, konfransda insan hüquq və azadlıqlarının, mutlikultural dəyərlərin qorunduğu, tarixən tolerant mühitin mövcudluğu, xalqların sülh və harmoniya şəraitində yaşadığı, Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq, hazırda ölkəmizdə yaşayan on minlərlə erməniyə qarşı da dözümlülük nümayiş etdirildiyi, bunun əksinə olaraq, monoetnik Ermənistanda ksenofobiyanın dövlət siyasətinin əsas tərkib hissəsi olduğu, burada yaşayan etnik qruplara qarşı diskriminasiyanın mövcudluğu, xüsusən Ermənistan ordusunda onların təqib olunması kimi məsələlər müzakirə ediləcək.

Beynəlxalq konfransda Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusunda məruzə edib. Diqqətə çatdırılıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Bu siyasətin Azərbaycanda bərqərar olmasında ulu öndər Heydər Əliyevin rolu böyükdür. Müasir dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Multikulturalizm təzahürlərindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır. Bu isə özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin və dini məzhəblərin qanun qarşında bərabər olmasında, onların fəaliyyətinə dövlət tərəfindən dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir. Multikulturalizm siyasəti dövlətin inkişafında mühüm rol oynayır. Azərbaycanda multikulturalizm siyasəti səmərəli şəkildə həyata keçirilir. Ölkəmiz dünyada multukulturalizm mərkəzi kimi tanınır və onun bu sahədə rolu yüksək qiymətləndirilir, təcrübəsi öyrənilir.

Etibar Nəcəfov qeyd edib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqidir. Bu istiqamətdə Azərbaycan böyük uğurlara imza atıb. Bunlardan biri “Bakı Prosesi”dir. Bu çərçivədə 2008-ci ildən indiyədək Azərbaycan bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu onu deməyə əsas verir ki, Azərbaycanın multikulturalizm siyasəti həm daxili, həm də xarici siyasətdə özünü göstərir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov “Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları” mövzusunda məruzəsində bildirib ki, multikulturalizm xalqımızın həyat tərzidir və mədəni müxtəliflik dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti barədə məlumat verən R.Həsənov deyib ki, Mərkəz bu günədək Azərbaycanın multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycandakı etnomədəni müxtəlifliyin öyrənilməsi, bu zənginliyin xarici ölkələrdə təbliğidir. Hazırda Azərbaycan multikulturalizmi fənni dünyanın 17 məşhur universitetində tədris olunur. Mərkəzin səkkiz ölkədə filialı fəaliyyət göstərir, növbəti mərkəzin ABŞ-da açılması gözlənilir. Beynəlxalq təşkilatlar Azərbaycandakı multikultural modelini, multikultural münasibətləri nümunə kimi göstərirlər. Dövlətin bu sahəyə qayğısı olaraq, ötən il ölkəmizdə “Multikulturalizm İli”, bu il isə “İslam Həmrəyliyi İli” elan edilib.

Sonra Mərkəzin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun “Azərbaycan multikulturalizmi Ermənistan monoetnikliyinə cavabdır” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, Azərbaycan müxtəlif millətlərin dinc və sülh şəraitində yaşadığı çox nadir dövlətlərdən biridir. Azərbaycanın multikultural ənənələri dünya dövlətləri üçün nümunədir. Ölkə rəhbərliyi yəhudi icmasının adət və ənənələrinə də diqqət və qayğı ilə yanaşır. Vurğulanıb ki, Ermənistan Azərbaycanın 20 faizdən çox ərazisini işğal edib, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bütün bunlara baxmayaraq, Azərbaycan dinlərarası dialoqda nümunə göstərir. Ölkədə antisemitizmin heç zaman müşahidə olunmaması təqdirəlayiqdir.

İsrailli ekspert deyib ki, Ermənistan ən monoetnik ölkədir, orada şovinizm, millətçilik, habelə faşistlərin və antisemitlərin tərifinin göylərə qaldırılması Sarkisyan rejiminin dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Faşist cəlladı Njdenin abidəsinin açılışında Ermənistan Prezidenti Serj Sarkisyanın iştirak etməsi faktı təsdiqləyir ki, onlar özlərini erməni faşisti və antisemit Qaregin Njdenin əsl varisləri sayır, öz cinayətkar əməlləri ilə onun davamçısı olduğunu göstərir.

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın idarə heyətinin üzvü, erməni əsilli tarixçi-alim Artur Ağacanov “Qarabağ erməniləri çoxmillətli suveren Azərbaycanın bir hissəsidir” mövzusunda məruzəsində bildirilib ki, xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bütün variantlar irəli sürülsə də, hər hansı irəliləyiş əldə olunmayıb. Bizim fəaliyyətimizlə bağlı yanaşmalar fərqlidir. Lakin tədricən insanlar bizə qoşulur və bu bizi sevindirir.

Beynəlxalq konfransda “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın idarə heyətinin digər üzvü, ictimai fəal Rima Sarkisovanın “Azərbaycan multikulturalizmi tolerantlıq prinsiplərinə sadiqliyin əyani nümunəsidir” mövzusunda məruzəsi də dinlənilib. Qarabağ münaqişəsinin Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində başlandığını qeyd edən məruzəçi deyib: “Erməni millətinin bütün nümayəndələrinə müraciət edirəm. Sarkisyanın faşist hakimiyyətini dayandırmaq və torpaqlarımızda sülhün bərqərar olmasına nail olmaq vaxtıdır. Bugünkü tolerant, inkişaf etmiş və sivil Azərbaycanda multikulturalizmin və beynəlmiləlçiliyin uğurlu adaptasiyası bu modelin parlaq təcəssümdür. Mədəniyyətlərarası və millətlərarası münasibətlər məsələsi münaqişə ilə üzləşən xalqlar üçün ağrılı məsələdir. Azərbaycanda etnik və dini tolerantlıq yüksək səviyyədədir”.

Amerikalı siyasi təhlilçi, beynəlxalq jurnalist Piter Teys “Azərbaycanın işğal olunmuş ərazilərində etnomədəni irsin dağıdılması” mövzusunda məruzəsində qeyd edib ki, Ermənistan Azərbaycanın etnomədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər vurub. Ermənistan Azərbaycana qarşı hərtərəfli terror törədib. Təəssüflər olsun ki, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən bütün bu insanlıq əleyhinə zorakılıqlar və cinayətlər qarşısında susqunluq nümayiş etdirirlər. Dünya ictimaiyyətini Ermənistanın faşist rejimi tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərə reaksiya verməyə çağıran Piter Teys vurğulayıb ki, ermənilər Dağlıq Qarabağ vasitəsi ilə dünyaya narkotik vasitələr ixrac edir. Ermənistan Avropaya və bütün dünyaya təhdiddir.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi Moisey Bekker “Ermənisayaq” multikulturalizm” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycandakı multikulturalizm modelini nümunə adlandıraraq deyib ki, burada yəhudilər və digər millətlər tarixən birgə yaşayıblar. Ermənilər isə onların dini və mədəni abidələrini məhv ediblər.

Ermənistanda hazırda faşist diktaturası hökm sürür, faşizm rejimi hətta müqəddəsləşdirilib. Bu nəinki digər millətləri, hətta regionda yaşayan başqa xalqların da təhlükəsizliyinə təhdiddir və qorxu hissi yaradır. Monoetnik dövlət olan Ermənistanda yaşayan etnik qrupların sayı kəskin şəkildə azalıb. Ermənistan tarix boyunca ölkədə yaşayan etnik qruplar olan rusları, yəhudiləri və azərbaycanlıları mərhələli şəkildə ərazisindən çıxarıb. Belə bir kəskin demoqrafik dəyişiklik heç bir ölkədə müşahidə olunmayıb.

Konfransda, həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədovun “Azərbaycan xalqının qəhrəman övladlarının Vətən uğrunda şücaət nümunələri” mövzusunda məruzəsi də dinlənilib. Eldar Səmədov diqqətə çatdırıb ki, qədim dövrlərdən etibarən Azərbaycanda müxtəlif xalqlar və millətlər birgə yaşamış və dilindən, dini-etnik mənsubiyyətindən asılı olmayaraq, Vətənimizin inkişafında əvəzsiz rol oynayıb, müqəddəs torpaqlarımızın yadelli işğalçılardan müdafiəsində çiyin-çiyinə iştirak edərək qəhrəmanlıq nümunələri göstəriblər.

Ermənistanın aşkar təcavüzü ilə bağlı münaqişənin silahlı mərhələyə keçdiyi 1991-ci ildən ermənilər istisna olmaqla, Azərbaycanda yaşayan bütün xalqlar tarixi Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb. Onların bəziləri həlak olub, itkin düşüblər. “Adları Azərbaycan tarixinə qızıl həriflərlə əbədi həkk olunmuş 215 Milli Qəhrəmanımızdan 16-sı ölkəmizdə yaşayan xalqların dəyərli nümayəndələridir. Bu igid övladlarımız doğulduqları Azərbaycan Respublikasının suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verib və əbədiyyətə qovuşublar. Qədirbilən xalqımız və dövlətimiz bu qəhrəmanları heç vaxt unutmur, adlarını əbədiləşdirərək gənc nəsillərə nümunə kimi təqdim edir, hərbi vətənpərvərlik tərbiyəsinin formalaşması işində onların qəhrəmanlığı önə çəkilir. Dağlıq Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş igid təyyarəçilərimiz, ləzgi, ruslar, ukraynalıların, Qusar rayonunda ləzgi ailəsində doğulmuş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun əziz xatirələri yaddaşlardan heç vaxt silinməyəcək”, - deyə Eldar Səmədov bildirib.

Sonra tarixçi-alim, tədqiqatçı Azər Səlimovun “Ermənistanın Azərbaycana qarşı uğursuz təxribat-pozuculuq cəhdləri”, Böyük Britaniyanın London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Mikaela Nikolettanın “Azərbaycanda etnik müxtəliflik”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Turan İsmayılovanın “Ermənistanda ifrat millətçilik və ayrı-seçkilik”, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin “Tarixə baxış: Alban Apostol kilsəsinin erməniləşdirilməsi cəhdləri”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Nəsibə Mirzəyevanın “Gürcü kilsələrinin erməniləşdirilməsi məsələsi” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə Azərbaycan dövlətinin uğurla reallaşdırıldığı və beynəlxalq aləmdə rəğbətlə qarşılanan mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm siyasətinin ümumbəşəri dəyərlərin qorunmasında və beynəlmiləl münasibətlərin genişləndirilməsindəki yeri və rolu barədə danışılıb. Monoetnik və təcavüzkar Ermənistanda hökm sürən ksenofobiyanın, faşizmin və ifrat şovinizmin dövlət siyasəti səviyyəsinə qaldırılması, həmçinin sürətli inkişafın, xalqlararası dostluğun və əməkdaşlığın rəmzinə çevrilmiş bölgə ölkələrinə separatçılıq və milli ayrı-seçkilik kimi təhlükələri “ixrac” etməsi cəhdləri və bunun ümumi sabitlik, əmin-amanlıq üçün doğurduğu qorxulu fəsadlar barədə dünya ictimaiyyətinin diqqətinə ünvanlanmış məlumatlar paylaşılıb. Habelə Ermənistanın təcavüzkar, qeyri-konstruktiv və dağıdıcı fəaliyyətinin ifşa olunması ilə bağlı konkret və əsaslı faktlar əyani şəkildə göstərilib.

Daha sonra mövzu ətrafında aparılan müzakirələrdə çıxış edən Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı Ermənistan hakimiyyətinin dağıdıcı fəaliyyəti barədə belə müzakirələrin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması baxımından konfransın önəmini yüksək qiymətləndirib. Həmçinin Azərbaycan dövlətinin multikultural siyasətinin və ölkəmiz barədə həqiqətlərin təbliği baxımından bu tədbirin əhəmiyyəti xüsusi vurğulanıb.

Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov səmərəli müzakirələrin aparıldığı konfransda səslənən məruzələrin vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilib yayılacağını söyləyib.Azadpress.az


bottom of page