Praqada marşal Konevin sökülən heykəlinin yerinə unitaz qoydular.
Rusiya və Çexiya arasında heykəl qalmaqalını böyüdəcək yeni gəlişmə baş verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, naməlum şəxslər Sovet marşalı İvan Konevin sökülən abidəsinin yerinə tualet unitazını qoyublar.
Bununla bağlı Çexiya polisinin mətbuat katibi Yan Danek xüsusi məlumat yayıb.
Unitazın 9 mayda , yəni faşizm üzərində qələbənin qeyd olunduğu gündə qoyulması Çexiyada da hiddət doğurub.
Heykəlin yerləşdiyi Praqa - 6 rayonunun meri Ondrcey Kolarj vandalların bu hərəkətini pisləyib və dərhal onun yığışdırılmasını əmr edib.
“Əgər kiminsə ağlına İkinci dünya müharibəsinin bitməsinin qeyd olunduğu gündə belə bir sərsəm ideya gəlirsə, o zaman onun başında problemlər var” - deyə bələdiyyə başqanı söyləyib.
Qeyd etmək lazımdır ki, marşal İvan Konev 1945-ci ilin mayında Sovet qoşunlarının Praqa əməliyyatına (2-ci Ukrayna ordusunun komandanı kimi-red.) rəhbərlik edib. Lakin çexlər onun 1968-ci ildə “Praqa baharı” adı ilə bilinən milli-azadlıq mücadiləsinin qəddarlıqla yatırılmasında oynadığı roluna görə bağışlaya bilmirlər.
Rusiya və Çexiya arasında siyasi qalmaqala səbəb olan həmin başıbəlalı heykəl isə 1980-ci ilin may ayının 9-da ucaldılıb.
Bu ilin aprel ayında Çexiyanın Praqa-6 bələdiyyə şurası heykəlin yerindən sökülərək muzeyə qoyulmasını qərarlaşdırıb. Azadpress.az
Comments